Vergilər Nazirliyində iş yerlərinin rəsmiləşdirilməməsi bağlı həyacan təbili

Vergilər Nazirliyində iş yerlərinin rəsmiləşdirilməməsi bağlı həyacan təbili

Vergilər Nazirliyində bazar ertəsi əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində kompleks tədbirlərin başlanması ilə əlaqədar vergi ödəyiciləri ilə görüş keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə işəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində Vergilər Nazirliyində yaradılan qərargahın üzvləri və 250-dək iri vergi ödəyicilərinin nümayəndələri iştirak ediblər.

Vergilər nazirinin birinci müavini, qərargahın rəhbəri Natiq Əmirov çıxış edərək bildirib ki, ölkədə inkişaf templərinin artması, yerlərdə sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması istiqamətində uğurlu nəticələr qazanılıb.
Lakin ölkədəki iqtisadi artım və əhalinin gəlirlərinin yüksəlməsinə baxmayaraq, bəzi sahibkarlar vergi orqanlarına təqdim etdikləri muzdlu işlə əlaqədar əmək haqqından tutulan gəlir vergisi hesabatlarında real vəziyyətə uyğun göstəriciləri əks etdirmir. Bir sıra vergi ödəyiciləri, işəgötürənlər vergi və ödənişlərdən yayınmaq məqsədilə qanunvericiliyin tələblərini pozaraq işçilərlə əmək müqavilələri bağlamır, iş yerləri rəsmiləşdirilmədən onlara hər hansı işlərin görülməsini həvalə edirlər. Bundan başqa, iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan vergi ödəyicilərinin muzdlu işlə əlaqədar təqdim etdiyi vergi bəyannamələrindəki əmək haqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcə də həmin sektor üzrə fəaliyyət göstərən və əmək haqlarının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əmək haqqı məbləği göstəriciləri ilə uzlaşmır və onlardan hətta bəzən bir neçə dəfə aşağı olur.
Eyni zamanda işçi sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə belə, direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilmiş əmək haqları sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eynilik təşkil edir. Bundan başqa, bir sıra hallarda vergi öhdəliklərini və sosial sığorta ayırmalarını minimallaşdırmaq məqsədilə işəgötürənlər işçilərlə əmək müqaviləsi əvəzinə mülki-hüquqi xarakterli xidmət müqavilələri bağlayırlar.
İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi vergidən yayınma halları ilə yanaşı, muzdla çalışan işçilərin əmək hüquqlarını pozmaqla, gələcək dövlət sosial təminatından da məhrum edir.
Qeyd edilənlər əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsini zəruri edir, göstərilən halların aradan qaldırılması və gəlir vergisi üzrə vergitutma bazasının leqallaşdırılması istiqamətində vergi orqanlarının da üzərinə böyük vəzifələr düşür. Bildirilib ki, mövcud problemlərin aradan qaldırılması, işçilərin hüquqlarının qorunması və əmək münasibətləri sahəsində vəziyyətə vergi nəzarətinin artırılması məqsədilə Vergilər Nazirliyində xüsusi qərargah yaradılıb və nazirlik tərəfindən kompleks tədbirlər həyata keçiriləcək.
Vergi ödəyicilərinin nəzərinə çatdırılıb ki, işəgötürənlər iş yerlərinin qeydiyyatını düzgün aparmalı, fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməli, əmək haqlarının real orta aylıq əmək haqlarına uyğun müəyyən etməlidirlər.
İş yerlərinin rəsmiləşdirilməməsi öz növbəsində işəgötürənlər üçün ciddi maliyyə sanksiyaları və inzibati cərimələr deməkdir. Ödəyicilərin nəzərinə çatdırılıb ki, vergi orqanı tərəfindən əmək müqaviləsi bağlamadan işləri (xidmətləri) yerinə yetirdiyi aşkar edilən hər bir şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası və yayındırılmış vergi məbləğləri bərpa edilərək digər müvafiq sanksiyalar tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən Əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək miqdarda cərimə edilir.
Görüşdə vergi ödəyicilərini maraqlandıran suallara aydınlıq gətirilib.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər