700 bal toplayan Xeyransa uğurunun sirrini açıqladı
Sabunçu rayon 72 saylı məktəb-liseyin məzunu Xeyransa Rafiq qızı Əliyeva TQDK-nın rəsmi açıqlamasına görə, III qrup üzrə ən yüksək nəticə göstərən abituriyentdir. Modern.az-a açıqlamasında Xeyransa deyib ki, 700 bal toplayacağına inanmırmış.
“Bu, mənim üçün gözlənilməz oldu, çox sevinirəm. Sevincimin həddi-hüdudu yoxdur. Sözün açığı, bütün suallara doğru cavab verib 700 bal toplayacağımı gözləmirdim. Bu mənim üçün gözlənilməz oldu.
İmtahan başlayanda çox həyəcanlı idim. Suallar o qədər də çətin deyildi. Normal idi. Mən əvvəlcədən yaxşı hazırlaşdığım üçün sualları cavablandırmaqda bir o qədər də çətinlik çəkmədim. Bəzi suallar var idi ki, onlar çətin idi, amma asan suallar da çox idi. İmtahan başa çatdıqdan sonra yaxşı yazdığımı bilirdim. Amma 700 bal toplayacağımı düşünməzdim. İnanın ki, dünən cavablar açıqlananda gözlərimə inanmırdım ki, 700 bal toplamışam. Özümə inanmırdım”, – deyə X.Əliyeva vurğulayıb.
Əldə etdiyi yüksək nəticəyə görə valideynlərinə borclu olduğunu deyən abituriyent gələcəkdə hüquqşünas olmaq istədiyini və bundan sonra da təhsilini yüksək səviyyədə davam etdirəcəyini açıqlayıb:
“Mən bu uğuru valideynlərimə borcluyam. Onlar mənə hər zaman dəstək olurdular. Təbii ki, müəllimlərimin də əziyyətini unutmaq olmaz. Xüsusən də hazırlığa getdiyim müəllimlərim mənim üçün çox çalışırdılar ki, yaxşı nəticə əldə edim. Bəlkə də mənim 700 bal toplamağıma müəllimlərim məndən çox sevinirlər.
İndi o qədər sevincliyəm ki, hələ hansı fakültəni seçəcəyimi dəqiq bilmirəm. Bizim məktəbimizdə təhsil çox yüksək səviyyədədir. Mən artıq 72 saylı məktəbin 700 bal toplayan ikinci məzunuyam. Təhsilimi doğma vətənimdə davam etdirmək istəyirəm. Hələ ali məktəbə hazırlaşanda bir məqsədim var idi. O da Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsi idi. Valideynlərim də həmişə mənim bu seçimimə dəstək verirdilər. Ümumiyyətlə, indi o qədər sevinirəm ki, sevincimin həddi-hüdudu yoxdur”.
X.Əliyeva sonda ali məktəbə qəbul olmaq istəyən abituriyentlərə uğurlar arzulayaraq, onları da 700 bal toplamağa səsləyib.
“Ali məktəbə qəbul olmaq istəyən, bundan sonra imtahan verən bütün abituriyentlərə uğurlar arzulayıram. İnanıram ki, siz də mənim kimi üzərinizdə çox işləsəniz, yaxşı nəticə əldə edəcəksiniz. Mən gecə-gündüz oxuyurdum ki, ali məktəbə qəbul olum. Odur ki, heç vaxt çəkdiyiniz əziyyət yerdə qalmaz inşallah”, – deyə əlavə edib.
Xeyransa 1994-cü ildə Bakı şəhərində anadan olub. O, sınaqlarda heç vaxt 700 bal toplaya bilməyib, daha çox 650 bala yaxın nəticə əldə edib.
Qeyd edək ki, 700 bal toplayan məzunun təhsil aldığı Sabunçu rayonu Fikrət Tağıyev adına 72 №-li məktəb-liseydə hazırda 1200-dən çox şagird oxuyur, 128 müəllim çalışır. Burada fəxri ad qazanan müəllimlərin sayı 7-dir. Təhsil müəssisə 2007–08– ci dərs ilində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. 2010–11– ci tədris ilində məzunların 92% ali məktəblərə qəbul olub. 14 nəfər 600–dən yüksək bal toplayıb. 2 məzun isə medala layiq görülüb.
0 Komment
Şərh yazın