ƏSF-dən lisenziyası ləğv edilən «Royal Bank»ın əmanətçiləri üçün açıqlama
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziyası ləğv edilən «Royal Bank» ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi məqsədilə Agent bankın seçilməsi prosesinə başlayıb.
ƏSF-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, AMB-nin Fonda ünvanladığı 06/05-1747 saylı 13 iyul 2012-ci il tarixli məktuba əsasən, Fondunun Himayəçilik Şurasının 14 iyul 2012-ci il tarixli qərarı ilə Agent bankın seçilməsi və kompensasiyaların ödənilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, «Royalbank» ASC-də əmanətçilərin 98%-i Fond tərəfindən qorunur. Otuz min manata qədər əmanəti olan əmanətçilərin əmanətləri 100% həcmində kompensasiya ediləcək. Fondan bildirilib ki, yaxın günlərdə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.
Qeyd edək ki, AMB İdarə Heyətinin qərarı ilə bu ilin iyul ayının 13-də «Royal Bank» ASC-nin lisenziyası ləğv edilib. Lisenziyanın ləğv edilməsi bankın bir sıra tələblərə cavab verməməsi, o cümlədən məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirməməsi, eləcə də AMB-nin verdiyi yazılı göstərişlərini yerinə yetirməməsi ilə bağlıdır.
Adı çəkilən qərarla bu ilin iyul ayının 13-dən «Royal Bank» ASC-yə müvəqqəti inzibatçı təyin edilib. Müvəqqəti inzibatçı bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir (Bakı şəhəri, Hüseyn Cavid pr-ti,5). «Royal Bank» barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank məhkəmə orqanlarına bankın müflis elan edilməsi və kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi barədə ərizə ilə müraciət edəcək. «Banklar haqqında» qanunun 62.3-cü maddəsinə əsasən, iflas proseduralarının başlanmasına dair ərizə Mərkəzi Bank tərəfindən verildikdən sonra bank barəsində dərhal moratorium qüvvəyə minmiş hesab olunacaq.
Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərib. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 180,481 mln. manat, kredit portfeli 123,263 mln. manat, depozit portfeli 80,113 mln. manat, məcmu kapitalı 16,754 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,139 mln. manat, gəlirləri 5,603 mln. manat, xərcləri 7,371 mln. manat olub.
0 Komment
Şərh yazın