Qətər Azərbaycanda hansı layihəyə 1 milyard dollar yatırmaq istəyir?

Qətər Azərbaycanda hansı layihəyə 1 milyard dollar yatırmaq istəyir?

Qətərin «Qatar Diar Company» dövlət şirkəti (Qatar Daşınmaz Əmlak İnvestisiya Fondu) Azərbaycanda həyata keçirilən dənizdə şəhər - «Khazar Islands» layihəsinə 1 mlrd. ABŞ dolları həcmində sərmayə yatıra bilər, layihənin idarə edilməsi isə Birləşmiş Ərəb Əmirliklərinin məşhur «Nakhill» şirkətinə həvalə oluna bilər.

Bu barədə «APA-ECONOMICS»ə açıqlamasında «Khazar Islands» layihəsini reallaşdıran «Avesta» konserninin rəhbəri Hacı İbrahim İbrahimov bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Qətərdə səfərdə olan «Avesta» rəhbərliyi bu ölkənin baş naziri, eyni zamanda maliyyə naziri və «Qatar Diar Company» şirkətinin rəhbəri ilə görüşlər keçirib. Görüşdə Fondun və Qətərdən olan digər investorların «Khazar Islands» layihəsinə qatılması imkanları müzakirə edilib. İlkin danışıqlara görə, Qətər tərəfi bu layihəyə 1 mlrd. dollaradək vəsait yatıra bilər.

Bundan başqa, Dubayda məşhur göydələnlərin tikintisi və idarəetməsini həyata keçirən «Nakhill» şirkəti «Avesta» konserninə müraciət edərək «Khazar Islands» layihəsinin menecmentliyini ona həvalə olunmasını təklif edib: «Gələcəkdə bu şirkətin «Khazar Islands»a vəsait yatıracağı da istisna deyil».

Yaxın günlərdə isə ABŞ, Kanada və Avropa investorlarının iştirak etdiyi «Euro-Atlantic» İnvestisiya Fondunun nümayəndələri layihə ilə tanış olmaq üçün Bakıya gələcəklər.

Artıq «Khazar Islands» layihəsinə ilk xarici investor cəlb edilib – Türkiyənin «Sema» şirkəti ilə layihəyə 50 mln. dolların yatırılması barədə ilkin müqavilə imzalanıb.

Ümumilikdə, indiyədək dənizdə şəhər layihəsinə təxminən 1,4 mlrd. dollar vəsait yatırılıb. İ.İbrahimovun sözlərinə görə, indiyədək olan yatırımlar «Avesta»nın daxili vəsaitləri hesabına həyata keçirilib: «Hələlik heç bir kredit cəlb edilməyib».

Qeyd edək ki, hazırda layihə çərçivəsində ümumi sahəsi 200 min kv. metr olan 1130 mənzilin tikintisi davam edir. Eyni zamanda kompleksdə uzunluğu 324 metr, atma hissəsinin uzunluğu isə 50 metr olan körpü tikilir. Kompleksin 4,5 km-lik bulvar hissəsinə beton tökülüb. Hazırda 7 km asfalt yol çəkilir, onun 4 km-də işlər başa çatıb. Eyni zamanda kompleksdə 10-a yaxın restoranın tikintisi davam edir və bu iş sentyabrda başa çatmalıdır. Kompleksdə pivə zavodu da qurulub. Avqustda işə düşəcək zavodda 16 növ «Khazar Islands» pivəsi buraxılacaq.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər