DSMF sədrindən sosial ayırmaların yeni formada hesablanması ilə bağlı təklif
Azərbaycanda qanunsuz əmək fəaliyyəti və işəgötürənlərin öz əməkdaşlarının əməkhaqlarının real həcmini gizlətməsi ilə mübarizə üzrə tədbirlərdən biri ölkədə icbari sosial sığorta ödənişləri üzrə faiz dərəcələrinin fərqləndirilməsi olacaq.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
"Qanunsuz məşğulluq və əməkhaqqının real həcminin gizlədilməsinə qarşı radikal addımlar atmaq üçün yaxın günlərdə hökumətə sosial sığorta və əmək pensiyaları haqqında qanuna dəyişikliklərin edilməsinə dair təkliflərimizi təqdim edəcəyik. Tədbirlərdən biri işçilər və işəgötürənlər arasında sosial sığorta üzrə ödənişlər nisbətinə dəyişikliklər olacaq", - Müslümov qeyd edib.
Azərbaycanda sosial sığorta üzrə ödənişlərə əməkhaqqının həcminin 25 faizi ayrılır, onun 22 faizini işəgötürən ödəyir, 3 faiz isə əməkdaşın maaşından alınır.
"Hazırda ölkədə işçilərin 80,5 faizinin əməkhaqqı 300 manatdan azdır. Əgər işçinin məvacibi minimum əməkhaqqının üçqat həcmini üstələmirsə, ilkin mərhələdə işəgötürənin bu həcmin 25 faizi ödəməsini təklif edirik. Əgər məvacib minimum əməkhaqqının üçqat həcmindən 20 qat həcminə qədərdirsə, işəgötürənin 18 faiz, əməkdaşın 7 faiz, məvacib minimum əməkhaqqının 20 qat həcmini üstələyirsə, işəgötürənin 15 faiz, əməkdaşın 10 faiz ödəməsi təklif edilir. Yəni məvacib artdıqca işçilərin sosial sığorta ödənişləri də artmaqda davam edəcək. Belə olan təqdirdə təbii ki, işəgötürən yüksək məvacib göstərməyə çalışacaq, bununla belə, bu, işçiyə sərfəlidir. Çünki əməkhaqqı artdıqca onun DSMF-də fərdi hesabına daha çox vəsait toplanacaq", - DSMF sədri qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda icbari sosial sığorta üzrə ödəniş dərəcələri yüksək deyil.
"Qonşu ölkələrdə faiz dərəcələri yalnız Qazaxıstanda aşağıdır. Bu isə onların pensiya sisteminin özünəməxsus xüsusiyyəti ilə əlaqədardır. 2004-cü ildə Azərbaycanda qanunsuz əmək fəaliyyəti məsələsi qaldırılanda qərara alındı ki, işçilər üçün faiz dərəcəsi 27-dən 22 faizə endirilsə, bütün məvaciblər leqallaşdırılacaq. Lakin sosial sığorta üzrə ödəniş dərəcələrinin azaldılmasına baxmayaraq, az şey dəyişib", - Müslümov deyib.
0 Komment
Şərh yazın