Prezident Vergi Məcəlləsinə edilən yeni əlavəni təsdiq etdi
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 383-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzayıb. Qeyd edək ki, həmin qanuna əsasən Vergi Məcəlləsinin 30.2.6-ci maddəsində “məlumatlar” sözündən sonra (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)” sözləri əlavə edilib.
Dəyişiklikdən sonra Vergi Məcəlləsinin 30-cu maddəsi aşağı kimi olub:
Maddə 30. Kommersiya (vergi) sirri
30.1. Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar.
30.2. Aşağıdakı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya (vergi) sirri və şəxsi həyata dair məlumat hesab olunur:
30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən;
30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında;
30.2.3. müəssisənin Nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;
30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında;
30.2.5. vergi ödənişləri üzrə borclar;
30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar. (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)”
30.3. Kommersiya (vergi) sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla açılmamalıdır.
Kommersiya (vergi) sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya (vergi) sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir.
30.4. Vergi orqanına daxil olmuş və kommersiya (vergi) sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi vardır.
Kommersiya (vergi) sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər.
30.5. Kommersiya (vergi) sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
30.6. Bu Məcəllənin 30.1-ci maddəsində göstərilən vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı ancaq aşağıdakı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər:
30.6.1. vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə;
30.6.2. vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə əlaqədar onların qarşısının alınması və istintaq aparılması üçün müvafiq icra hakimiyyəti orqanına;
30.6.3. inzibati xətalar və ya vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə bağlı işlərə baxılma ilə əlaqədar müvafiq məhkəmələrə;
30.6.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq digər dövlətlərin müvafiq dövlət hakimiyyəti orqanlarına;
30.6.5. sosial müdafiə haqqında qanunların yerinə yetirilməsi üçün zəruri olan hədlərdə dövlət sosial müdafiə və tibbi sığorta fondlarına;
30.6.6. gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına.
30.7. Dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri kommersiya (vergi) sirrini təşkil edən məlumatları əks etdirən sənədləri həmin sənədləri onlara təqdim etmiş vergi orqanlarına qaytarmalıdırlar.
30.8. Vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər.
0 Komment
Şərh yazın