Kapitalbankdan birdəfəlik ödəmələrin hesablanması ilə bağlı ən çox müzakirə yaradan versiyanın misalla izahı
Azərbaycanda SSRİ dövründən qalan bank əmanətlərinin verilməsi prosesində çərçivəsində iyunun 1-dən bu günədək «Kapital Bank» ASC-yə ümumilikdə 314 862 müraciət daxil olub.
«Kapital Bank»dan «APA-ECONOMICS»ə verilən məlumata görə, bu müraciətlərdən 237 654-ü məntəqələrdən bankın əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinə ötürülüb. Göstərilən müddət ərzində 156 064 əmanətçiyə ümumilikdə 85 825 303 manat məbləğində fərdi birdəfəlik ödəmə verilib. İtmiş, yaxud təqdim edilmək üzün yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə bu müddətdə banka daxil olan müraciətlərin sayı isə 5 610 olub.
«Kapital Bank» bəzi vətəndaşların müraciətlərinin icra müddəti ilə bağlı narahatlığını nəzərə alaraq bildirir ki, əlavə araşdırmaya ehtiyac yarandığı təqdirdə müraciətlərin icra vaxtı müəyyən müddət uzana bilər. Xidmət məntəqələrinə daxil olmuş bütün müraciətlərə qanuna müvafiq qaydada baxılır. Fərdi birdəfəlik ödəmə almaq hüququna malik hər bir vətəndaşın bu hüququ təmin olunur», - deyə Bankdan bildirilib.
«Kapital Bank» bir daha əmanətçilərin diqqətinə çatdırır ki, fərdi birdəfəlik ödəmə Əmanət Bankında yalnız 1992-ci il yanvarın 1-i tarixinə olan qalığa verilir. Bu tarixdən sonrakı dövrə aid olan əmanət qalığına fərdi birdəfəlik ödəmə hesablanmır.
Hesab bağlanarkən həmin qalığın özü ödəmə məbləğinin əlavə edilir. Belə ki, 1992-ci il yanvarın 1-dən sonrakı dövrə aid əmanət qalığının hesablanması qaydası isə belədir: 1994-cü il yanvarın 1-i tarixinə qədər olan əmanət qalığı 1994-cü ildə aparılmış denominasiya ilə əlaqədar 10-a, 2006-cı ilin yanvar ayının 1-i tarixinə qədər olan əmanət qalığı isə 2006-cı ildə aparılmış denominasiyaya uyğun olaraq 5 000 əmsalına bölünməklə hesablanır.
Məsələn, 1992-ci il yanvarın 1-nə əmanət hesabında 2 000 rubl olmuşdursa, sonra 1993-cü ildə həmin hesaba 10 000 rubl əlavə mədaxil edilmişdirsə, ümumi məbləğ 10-a bölünür və qalıq 1 200 AZN qalır.
Əgər, 1994-2005-ci illərin müəyyən dövrlərində tutaq ki, hesaba 400 000 AZN mədaxil edilmişdirsə, 401 200 AZN qalıq 5 000 AZN-ə bölünür və yekun məbləğ 80,24 AZN təşkil edir. Deməli, 01.01.1992-ci il tarixinə olan qalığa 300 AZN birdəfəlik ödəmə, əlavə olaraq 80,24 AZN, eləcə də 01.01.2006-cı ildən 01.06.2012-dək 2% hesabı ilə əlavə gəlir də hesablanır, beləliklə, əmanətçiyə 380,24 manat ödənilir.
Ona görə də vətəndaşlar onlara çatacaq fərdi birdəfəlik ödəmənin məbləğini hesablamaqdan ötrü xidmət məntəqələri tərəfindən onlara verilmiş qəbzdəki son qalığa yox, 1 yanvar 1992-ci il tarixinə qədər olan əmanət qalığına əsaslanmalıdırlar.
Xatırladaq ki, «Kapital Bank»ın xidmət məntəqələrində müraciətlərin qəbulu 2012-ci il 31 dekabr tarixinə qədər davam etdiriləcək. Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi isə 2013-cü il 31 dekabr tarixində başa çatdırılacaq.
0 Komment
Şərh yazın