Maraqlı təklif! Sürücülük vəsiqəsi almaq üçün imtahanları TQDK keçirsin
Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahanların Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilməsi təklif olunur.
Yolların Təhlükəsizliyinə Dəstək QHT Koalisiyasının idarə heyətinin sədri Nazir Quliyev Trend-ə müsahibəsində bunu son illər yollarda baş verən ağır qəzaların sayının artması ilə bağlı problemdən çıxış yollarından biri kimi görür.
Koalisiya sözçüsü hesab edir ki, sürücülük vəsiqələrini almaq üçün imtahanların təşkili və keçirilməsi səlahiyyəti TQDK-ya verilməlidir.
"Yol polisi bu işdə maraqlı qurumdur. İmtahanların keçirilməsi TQDK-ya verilərsə, bu sahədə şəffaflıq tam təmin olunar. Qısa zamanda sürücülük vəsiqəsi alanların sayında fərqi müşahidə etmək mümkün olar. Sürücü şəffaf qaydada imtahan verəcəyini bilərsə, yol hərəkəti qaydalarını öyrənməyə məcbur olar", - Quliyev deyib.
Sürücülük kurslarının fəaliyyətini formal hesab edən Quliyev bildirib ki, bu kurslarda reallıqda çox az şəxs təhsil alır.
Millət vəkili Rövşən Rzayev isə bu səlahiyyətin TQDK-ya verilməsini problemin həlli yolu kimi görmür.
Rzayev Trend-ə bildirib ki, hər bir sürücü özünün və ailəsinin təhlükəsizliyini təmin etməkdə maraqlı olmalıdır.
"İmtahanın hansı qurumda verilməsi problem deyil. İndi sürücülük məktəblərində də dərslər keçilir", - o deyib.
Millət vəkili ictimai nəqliyyatda ciddi problemlərin olduğunu vurğulayıb. Qeyd edib ki, şəhərdaxili nəqliyyatı idarə edən şəxslərin əksəriyyətində sürücülük vəsiqəsi yoxdur.
"Avtobus sürücülərinə qarşı ciddi ölçü götürülməlidir. Onların çoxunun sürücülük vəsiqəsi yoxdur. Buna diqqət yetirilməlidir. Həmçinin onların sərnişinlərə qarşı kobud münasibət göstərməsi də ciddi problemdi", - Rzayev deyib.
Millət vəkili son illər ölkədə ağır yol qəzalarının sayının artmasının səbəbini yol hərəkəti iştirakçılarında yol mədəniyyətinin olmaması, onların bir-birilərinə hörmətsiz yanaşmasında görür.
0 Komment
Şərh yazın