Azərbaycanda pensiyada olma müddəti orta hesabla 16 il təşkil edir
“Son vaxtlar bəzi ekspertlər tərəfindən Azərbaycanda yaşa görə pensiya alanların pensiyada olma müddətinin kişilər üçün 3 il, qadınlar üçün isə 5 il təşkil etdiyi barədə ictimaiyyəti çaşdıran məlumatlar yer almaqdadır. Bununla bağlı bildiririk ki, həmin məlumatlar həqiqətə uyğun deyildir və Dövlət Sosial Müdafiə Fondunun avtomatlaşdırılmış mərkəzi məlumat bazasında mövcud olan informasiyalarla tam ziddiyyət təşkil edir”. APA-nın məlumatına görə, bu fikirlər Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun məlumatında yer alıb.
DSMF-dən bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun müasir standartlara cavab verən mərkəzi məlumat bazasında ölkə əhalisinin 3/1-i, yəni 1 275 min nəfər pensiyaçı və 2 milyondan artıq sığortaolunan barədə dəqiq məlumatlar toplayıb. Fondun mərkəzi məlumat bazasında olan göstəricilərə əsasən, son 6 ildə yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 77,2, kişilərin orta yaşı isə 75,7 olub. Hazırda yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 19 il, kişilər üçün isə 12,7 il təşkil edir. Ümumilikdə isə Azərbaycanda pensiyada olma müddəti orta hesabla 16 ildir.
Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər daha erkən pensiyaya çıxırlar və bu kateqoriyadan olan vətəndaşların pensiyada olma müddəti orta hesabla 22 il təşkil edir.
0 Komment
Şərh yazın