Azərbaycan yol polisi sürücüləri avtomobilin işıq sistemindən istifadə edərkən diqqətli olmağa çağırır
Respublika Baş Dövlət YolPolisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, avtomobilin işıq sistemindən düzgün istifadə olunmaması bəzən ağır yol qəzalarına səbəb olur.
"Sürücü işıq cihazlarından düzgün istifadə etməlidir. Bəzən sürücüləri, xüsusən də ötmə əməliyyatı aparan sürücüləri bu işıqlar çaşdırır. İşıq cihazlarından düzgün istifadə etməmək işığı həmişə reallıqda olduğundan daha uzaq göstərir. Ötmə əməliyyatı aparan sürücü elə bilir ki, onunla qarşıdan gələn avtomobil arasındakı məsafə daha çoxdur, amma reallıqda bu məsafə azdır. Bu işıq sürücünü aldadır və qəza şəraiti yaradır", - şöbə rəisi deyib.
Əliyev avtomobillərdə sonradan quraşdırlan ksenon işıqlarla bağlı məsələyə aydınlıq gətirərək bildirib ki, həmin işıq cihazları sonradan quraşdırılsa da, əgər işıq sistemi mövcud standarta uyğundursa, tələb olunan normativlərə cavab verirsə, heç bir problem yaratmır.
"Bu halda həmin işıq cihazlarının sonradan, ya da istehsalçı zavod tərəfindən quraşdırılmasının əhəmiyyəti yoxdur. Sadəcə həmin işıq cihazlarında rejim düzgün qurulmalıdır", - o deyib.
Əliyev bildirib ki, işıq cihazlarından düzgün istifadə olunmamasına görə inzibati məsuliyyət nəzərdə tutulur və il ərzində bu pozuntuya görə kifayət qədər sürücü məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, işıq cihazlarından istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 151-2.1-ci maddəsi ilə 30 manat məbləğində cərimə nəzərdə tutulub.
0 Komment
Şərh yazın