Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 5 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 40 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edib. Lent.az-ın verdiyi məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsində 18, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 16, Dövlət Statistika Komitəsində 4, Səhiyyə Nazirliyində 1, Dövlət Dəniz Administrasiyasında 1 dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarılıb.
Müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən və ya poçt vasitəsilə Komissiyaya müraciət etməlidirlər. Ümumi müsahibə, o cümlədən qeydiyyatla bağlı ətraflı məlumat “Respublika” qəzetinin 6 iyul sayında veriləcək və 6 iyuldan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi İnternet saytında - www.dqmk.gov.az yerləşdiriləcək.
0 Komment
Şərh yazın