Azərbaycanda bu il 5598 əcnəbi tələbə təhsil alıb
2011/2012-ci tədris ilində Azərbaycanda 5598 əcnəbi tələbə təhsil alıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü Təhsil Nazirliyində azərbaycanlı gənclərin xaricdə, əcnəbi tələbələrin isə ölkəmizdə təhsilinə dair keçirilən tədbirdə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, son illər xarici ölkələrə təhsil almaq üçün göndərilən azərbaycanlı gənclərin sayı artıb.
Mərdanov bildirib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2007-2008-ci tədris ilində 66, 2008-2009-cu tədris ilində 134, 2009-2010-cu tədris ilində 308, 2010-2011-ci tədris ilində 275, 2011-2012-ci tədris ilində isə 421 nəfər xaricdə təhsil alıb. Ümumilikdə, bu proqram çərçivəsində 1204 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Nazir gənclərin çoxunun Türkiyə, Almaniya, Böyük Britaniya, Kanada, Rusiya və digər ölkələrdə oxuduğunu bildirib.
O, xaricdə təhsil alan azərbaycanlı tələbələrin tibb ixtisasına daha çox üstünlük verdiklərini deyib.
Tədbirdə daha sonra ilk nömrəsi çapdan çıxmış "Ali təhsil və cəmiyyət" jurnalı təqdim edilib.
Mərdanov 2009-cu ildən aparılan araşdırmaların nəticəsi olaraq "Dünyanın 100 ən yaxşı universiteti" kitabının bu günlərdə işıq üzü gördüyünü vurğulayıb. Nazir bildirib ki, kitabda Böyük Britaniyanın "Times Higher Education − QS World University Rankings" jurnalının 2009-cu il üzrə reytinq cədvəlindəki 100 universitet haqqında dolğun və ətraflı məlumat öz əksini tapıb.
Nazir hər iki nəşrin pedaqoji ictimaiyyət üçün əhəmiyyətini vurğulayıb və lazımi vəsait kimi istifadə olunmasını tövsiyə edib.
0 Komment
Şərh yazın