Təhsil Nazirliyindən orta məktəblərdə “Şahmat” fənni tədrisi ilə bağlı açıqlama

Təhsil Nazirliyindən orta məktəblərdə “Şahmat” fənni tədrisi ilə bağlı açıqlama

2012-2013-cü dərs ilində Azərbaycanda "Şahmat" fənni tədris edilən pilot ümumtəhsil məktəblərinin şəbəkəsi genişləndiriləcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Misir Mərdanovun bununla bağlı imzaladığı əmrdə qeyd edilir ki, 2012-ci ilin yanvar ayından başlayaraq hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində "Şahmat" fənninin tədrisinə başlanılıb. Ötən müddət ərzində aparılan müşahidə və təhlillər göstərib ki, "Şahmat" fənninin tədrisi şagirdlərin böyük marağına səbəb olmaqla onların idraki fəallığını xeyli artırıb, düşünmə qabiliyyətlərini gücləndirib.

Bütün bunların nəticəsində şagirdlərin digər fənlərdən təlim göstəriciləri də nəzərəçarpacaq dərəcədə yüksəlib. Fənnin tədrisi sahəsində qazanılan uğurlar şahmat təliminin növbəti siniflərdə də davam etdirilməsinə və pilot məktəblər şəbəkəsinin genişləndirilməsinə etibarlı zəmin yaradır.
Əmrdə bildirilir ki, 2012-2013-cü dərs ilində müəyyən olunmuş müvafiq pilot ümumtəhsil məktəblərinin II siniflərində "Şahmat" fənni tədris ediləcək. "Şahmat" fənninin tədrisinə 2012-ci ilin yanvar ayından başlanmış pilot ümumtəhsil məktəblərində həmin fənn III siniflərdə davam etdiriləcək.
"Şahmat" fənni II və III siniflərdə dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil edilməklə həftədə bir saat tədris olunacaq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər