BP-nin kadr siyasəti ilə bağlı ŞAD XƏBƏR
BP şirkəti Azərbaycandakı layihələrinin bütün əməkdaşlarının Azərbaycan vətəndaşlarından ibarət olmasını özünün kadrlar üzrə əsas məqsədi elan edib.
“APA-ECONOMICS”in xəbərinə görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir şirkətin illik xüsusi mükafatlarının təqdimat mərasimində bildirib.
BP şirkəti Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) bir qrup birinci və ikinci kurs tələbəsinə öz illik xüsusi mükafatlarını təqdim edib. BP şirkətindən verilən məlumata görə, xüsusi mükafatlar proqramı BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləmək öhdəliyinin bir hissəsidir: «Bu proqram ADNA-da neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, energetika, istehsalat proseslərinin avtomatlaşdırılması sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır».
Mükafata ADNA-nın 60 tələbəsi layiq görülüb. Onlardan 30 nəfəri Akademiyaya qəbul zamanı ən yüksək bal toplamış birinci kurs tələbəsidir. Xüsusi mükafat kimi onlara BP-nin kompyuterləri verilib. Qalan 30 nəfər ikinci kurs tələbəsidir ki, onları BP riyaziyyat, fizika və məntiq üzrə özünün keçirdiyi texniki testlərin nəticələri əsasında xüsusi olaraq seçib. Bu tələbələrə isə öz ingilis dili bilgilərini təkmilləşdirmək üçün BP-nin maliyyəsi ilə xüsusi təlim proqramında iştirak etmək imkanı verilib. Bu bilgilər onların texniki sahələrdəki yüksək biliklərini tamamlayacaq.
Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bildirib ki, BP-nin illik xüsusi mükafatlar proqramı Azərbaycanda neft və qaz ixtisaslı gənclərin inkişafına yönəlib: «Şirkətimizin idarə etdiyi iri neft və qaz layihələrimiz yeni mərhələyə qədəm qoyduqca, işçilərimizin bütünlüklə yerli Azərbaycan vətəndaşlarından ibarət olması bizim kadrlar üzrə əsas məqsədimiz və strategiyamızdır».
0 Komment
Şərh yazın