Səhiyyə nazirliyindən həkim-əczaçı anlaşması ilə bağlı maraqlı açıqlama

Səhiyyə nazirliyindən həkim-əczaçı anlaşması ilə bağlı maraqlı açıqlama

Azərbaycanda hələ də xəstələrinə dərman firması ilə razılaşdırılmış şəkildə dərman yazan həkimlər var və bu, danılmaz faktdır. Bunu Trend-ə Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Onun sözlərinə görə, bəzən həkimlər bahalı, bəzən isə patentləşdirilməmiş dərmanlar yazırlar.
Nazir müavini bu fikirdədir ki, xəstəyə lazım olmayan dərmanı heç cür yazmaq olmaz.
"Bizim borcumuz həkimlərimizi xəbərdar etməkdir. Biz baş mütəxəssislərimizə də deyirik ki, bu istiqamətdə təbliğat işi aparsınlar. Çünki insanların sağlamlığı tibb sahəsində çalışanlar üçün ən önəmli məsələdir. Xəstəyə lazım olmayan dərmanı heç bir halda yazmaq olmaz. Artıq bu məsələ bir qədər həkimin vicdanına da buraxılır", - nazir müavini əlavə edib.
O bildirib ki, dərmanın seçimi bir tərəfdən xəstənin özündən asılıdır. İnsanların bu sahə üzrə bir qədər maarifləndirilməsinə ehtiyac var. Onlar özləri də haqlarını tələb edə bilərlər.
Ağayev deyib ki, xəstəyə dərman yazılarkən birinci şərt həkimin Azərbaycanda qeydiyyatdan keçmiş dərman preparatlarını təyin etməsidir.
Nazir müavini onu da vurğulayıb ki, istənilən ölkədə həkim-əczaçı anlaşması var. Hətta əczaçılıq bazarında dərman çeşidləri çox olan ölkələrdə də belə hala rast gəlinir.
"Azərbaycanda qeydiyyatdan keçən dərman preparatlarının sayı 3600-dən bir qədər çoxdur. Ölkədə qeydiyyatdan keçən dərmanların sayının hədsiz dərəcədə artıq olmasına tərəfdar deyilik. Ancaq sözsüz ki, bizim əczaçılıq bazarımızda insanların müalicə olunması üçün bütün dərman preparatları olmalıdır. Təsəvvür edin ki, Rusiyada belə dərman preparatlarının çeşidi təqribən 15, Ukraynada 10 mindir. Söz yox ki, bu və istənilən digər ölkələrdə həkim-əczaçı anlaşması mövcuddur", - nazir müavini deyib.
O əlavə edib ki, belə halların qarşısını 100 faiz almaq mümkün deyil. Bununla bağlı ancaq qabaqlayıcı tədbirlər görülməlidir. Azərbaycan Səhiyyə Nazirliyi (SN) də belə qabaqlayıcı tədbirlərdən birini görüb. Bu məqsədlə SN vahid resept blankını tərtib edib. Ağayevin sözlərinə görə, həm dövlət, həm özəl müəssisələr, həm də digər qurumların tabeliyində olan tibb müəssisələri SN-in əmri ilə təsdiqlənmiş vahid resept blankından istifadə etməlidirlər.
"Düşünürəm ki, bu blankların istifadəsi vəziyyəti bir qədər yaxşılaşdırıb. Çünki xüsusi şirkətlərin özlərinin buraxdığı resept blankları, yəni bir hissəsi kəsilib qaytarıla bilən resept blankları vasitəsilə dərman şirkətləri həkimlərin yazdığı dərman preparatlarına, onların miqdarına nəzarət edirdilər. Amma həkimləri maraqlandırırlar, bu, yenə də var və danılmaz faktdır", - Ağayev əlavə edib.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər