İyunun 27-dən iyulun 2-dək hansı yollarda nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq?

İyunun 27-dən iyulun 2-dək hansı yollarda nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq?

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov çərşənbə günü Trend-ə bildirib ki, iyunun 27-dən iyulun 2-dək Bakıda "Crans Montana" regional forumunun keçirilməsi ilə əlaqədar paytaxta gələcək rəsmi qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə şəhərin bir sıra küçə və yollarında avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

O qeyd edib ki, iyunun 28-si səhər saat 08:00-dan iyulun 2-dək Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətinə, Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Rəsul Rza küçəsi, Neftçilər prospekti, eləcə də həmin marşrut üzrə Mərdəkan, Buzovna və Zuğulba şosesindən istifadəyə fasilələrlə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Əsədov bildirib ki, eyni zamanda, Azneft dairəsindən Səngəçal, Qobustan, həmçinin Qala Qoruğu istiqamətində də avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. "Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, qeyd edilən müddət ərzində göstərilən küçə və prospektlər üzrə nəqliyyat sıxlığının yaranmaması və yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün alternativ yollardan və ya şəxsi nəqliyyat vasitələrindən mümkün qədər istifadə etmədən, ictimai nəqliyyatdan istifadə etsinlər", - Əsədov bildirib. Qeyd edək ki, iyunun 28-dən iyulun 1-dək Bakıda illik 23-cü "Crans Montana" forumu keçiriləcək. Foruma dəvət edilən liderlər sırasında Gürcüstan Prezidenti Mixail Saakaşvili, forumun icraçı sədri və qurucusu, səfir Jan-Pol Karteron, Makedoniya Prezidenti George İvanov, Monteneqro Prezidenti Filip Vuyanoviç, Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhdi şahzadə Fuceyra Şeyx Məhəmməd bin Hamad bin Məhəmməd əl Şarki, Lüksemburq Şahzadəsi Jan və digər yüksəkvəzifəli şəxslər var.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər