Rektor Boloniya sistemi ilə bağlı maraqlı açıqlama verib
Təhsil sistemləri Boloniya prosesinə qoşulmuş digər xarici ölkələr kimi, Azərbaycanın ali məktəblərinə də daxil olan tələbələrin sayı ilə onları bitirən məzunların sayı arasında fərqlər var.
Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çərşənbə günü jurnalistlərə müsahibəsində belə bir halın yaranmasını Azərbaycanın təhsil sisteminin Boloniya prosesinə qoşulması ilə izah edib.
O deyib ki, Boloniya prosesinə qoşulmuş xarici ölkələrin universitetlərinə daxil olan tələbələrin sayı ilə onları bitirən tələbələrin sayı da fərqlənir.
Azərbaycan təhsil sisteminin də bir neçə il əvvəl Boloniya prosesinə qoşulduğunu xatırladan millət vəkili bu sistemin əvvəlki təhsil sistemlərindən xeyli fərqləndiyini və bir sıra tələblərinin olduğunu deyib. O bildirib ki, bu sistemin tətbiqi nəticəsində ali məktəbə daxil olan tələbə ilə onu bitirən məzunların sayı arasında fərqlər yaranır.
"Bu say azalır. Xarici ölkələrin universitetlərində də ali məktəbi bitirən tələbələrin sayı oraya daxil olanların sayından az olur. Təbii ki, Boloniya prosesinə qoşulduğundan Azərbaycanda da, xüsusilə BDU-da belə bir statistika ortaya çıxıb", - millət vəkili əlavə edib.
O qeyd edib ki, bu il BDU-nun 4000-ə yaxın məzunu olacaq. Onların 35 faizi təhsillərini 4 ilə bitirə bilməyənlərdir. Bu göstərici fakültələrdən asılı olaraq dəyişir. Hüquq fakültəsində bu göstərici 50, riyaziyyat fakültəsində 35 faizdir.
Məhərrəmov ali məktəbi bitirən tələbələrin daxil olanlarla müqayisədə az olmasının səbəbini təhsilin keyfiyyətinin aşağı olması ilə izah etməyib. Onun fikrincə, bu say fərqi Boloniya prosesinin tələbləri və ailələrin bu sistem barədə az məlumatlı olması ilə əlaqədardır.
"Çox zaman valideynlər gəlib deyirlər ki, mənim övladım IV kursa gəlib çatıb. Onda necə olur ki, onun 1-ci kursdan akademik borcu qalıb? Fənn üzrə imtahanı tələbə bircə dəfə verə bilər. Əgər bu imtahanı verə bilmirsə, onda yenidən fənn üzrə kursu dinləməli və qiymət almalıdır. Əfsuslar olsun ki, bəzi tələbələr buna vaxtında diqqət yetirmirlər", - Məhərrəmov deyib.
0 Komment
Şərh yazın