Millət vəkili kommersiya hüquqi şəxslərin təsisçiləri barədə məlumatın kommersiya sayılmasına sərt təpki verdi
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Kommersiya sirri haqqında" qanuna dəyişikliklər edilib. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dəyişiklikləri təqdim edərək bildirib ki, qanunun 4-cü - "Kommersiya sirri hesab edilən məlumatlar" maddəsinə əlavələr edilib.
Maddəyə olunan əlavəyə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar kommersiya sirri hesab olunacaq.
Deputat Asim Mollazadə iclasda çıxışında qanun layihəsinə öz etirazını bildirib. O qeyd edib ki, qanuna dəyişiklik çirkli pulların yuyulması, korrupsiya ilə mübarizə baxımından mənfi hal olacaq. O bildirib ki, Avropa ölkələrinin qanunvericiliyində belə müddəalar öz əksini tapmır.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycan müstəqil dövlətdir və milli maraqlarından irəli gələrək çıxış edir.
"Qanuna dəyişiklik kommersiya strukturlarını şantajdan qorumaq məqsədi daşıyır", - o deyib. Onun sözlərinə görə, bu, iqtisadi maraqlara, xüsusən, sahibkarların maraqlarına cavab verir.
Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib ki, xarici ölkələrdə şirkət yalnız fond birjasının iştirakçısı olduğu təqdirdə öz təsisçiləri və onların payı barədə məlumatı açıqlayır. "Avropa ölkələrində kimsə həmin qaydaları pozub məlumat yayırsa, məsuliyyətə cəlb olunur", - vitse-spiker bildirib.
"Kommersiya sirri haqqında" qanuna dəyişikliyə müvafiq olaraq, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "İnformasiya əldə etmək haqqında" qanuna da dəyişiklik edilib.
0 Komment
Şərh yazın