Azərbaycanda doktoranturaya qəbul planı layihəsi hökumətə təqdim edilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu il üçün doktoranturaya qəbul planının layihəsini Nazirlər Kabinetinə təqdim edib. Bu barədə bazar ertəsi Trend-ə AMEA-nın doktorantura və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyeva məlumat verib.
Onun sözlərinə görə, bu il hökumətə AMEA-nın elmi təşkilat və müəssisələrində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 332, elmlər doktoru proqramı üzrə 120 yerin ayrılmasını təklif ediblər. Ötən il isə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 275, elmlər doktoru proqramı üzrə 56 yer ayrılmışdı.
Əfəndiyeva qəbul planı layihəsində nəzərdə tutulan yerlərin ötən ilə nisbətən çox olduğunu söyləyib. O deyib ki, plan yerlərindəki artım daha çox biologiya, filologiya, tarix sahəsi, texniki və iqtisadi elmlər üzrə olub.
Əfəndiyevanın sözlərinə görə, doktoranturaya sənəd qəbulunun avqustun ortalarında elan ediləcəyi, sentyabrın 1-dən sənəd qəbuluna başlanılacağı gözlənilir. Doktoranturaya qəbul imtahanlarının isə oktyabr ayı ərzində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda doktoranturaya ilk dəfə qəbul keçirilib.
Azərbaycan Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul oluna bilərlər.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.
0 Komment
Şərh yazın