Son 2 gündə rekord sayda sürücü cərimələnməsi həyata keçirilib
Azərbaycan yol polisinin iki gün ərzində keçirdiyi reydlər zamanı yol hərəkəti qaydalarını pozan 7 mindən artıq sürücü cəzalandırılıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev iyunun 11-də Trend-ə bildirib ki, şənbə və istirahət günü respublika ərazisində keçirilən reydlər zamanı 7136 sürücü yol hərəkəti qaydalarını pozduğu üçün inzibati qaydada məsuliyyətə cəlb olunub.
Onlardan 876-sı sürət həddini aşdığı, 1503 sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün, 31-i sərnişindaşıma, 49-u yükdaşıma qaydalarını pozduğu üçün, 62 sürücü isə sükan arxasında mobil telefonla danışdığına görə inzibati qaydada cərimələniblər.
Son zamanlar ağır yol nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə ölkənin bütün ərazisində reydlər keçirilir.
Reydlər zamanı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, sürət məhdudiyyətinə əməl etməyən, ötmə, manevretmə qaydalarını kobud şəkildə pozan sürücülə qarşı tədbirlər görülür.
Əliyev bildirib ki, reydlər davam edir. Yol polisi sürücülərə avtomobili idarə edərkən yol hərəkəti qaydalarına riayət etmələrini, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altında qoymamalarını tövsiyə edir.
0 Komment
Şərh yazın