Kommersiya sirri hesab edilən məlumatların siyahısına ciddi əlavə təklif edilir
Azərbaycanda kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar konfedensial saxlanılacaq.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.
Qanun layihəsində qeyd olunur ki, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar aşağıdakı hallarda sorğu əsasında açıqlana bilər.
Həmin məlumatlar qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına, qanunun müəyyən etdiyi hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunla müəyyən olunmuş hallarda və qaydada maliyyə monitorinqi orqanlarına verilə bilər.
Həmçinin, məcburi icra orqanlarına, vəkilə, həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə və iştirakçılarına, barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə də bu məlumatların açıqlanmasına icazə veriləcək.
Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.
Bununla bağlı "Kommersiya sirri haqqında" qanuna da dəyişikliklər edilməsi nəzərdə tutulub və bu məlumatlar kommersiya sirri hesab olunacaq.
Hər iki qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
0 Komment
Şərh yazın