Hökümət uşaqların internet klublarına getməsini qarşısını almaq üçün təkliflər hazırlayıb

Hökümət uşaqların internet klublarına getməsini qarşısını almaq üçün təkliflər hazırlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, uşaqların təhsildən yayınmasının, onların zərərli vərdişlər aşılayan saytlardan istifadəsinin qarşısını almaq məqsədilə qanunvericilyə dəyişikliklərlə bağlı təkliflər hazırlanır.
Komitədən bildirilib ki, internet klubların rəhbərləri, inzibatçıları uşaqların həmin klublara gəlməsinə və internetdən istifadəsinə birbaşa cavabdehlik daşımalıdırlar. Belə ki, inzibatçılar tərəfindən uşaqların dərs vaxtı internet kluba girişinə icazə verilməməli, dərsdən sonrakı vaxtlarda isə onların istifadə etdiyi internet saytlarına nəzarət edilməli, zərərli vərdişlər aşılayan saytlara girişə məhdudiyyət qoyulmalıdır.
Bu prosesə isə Daxili İşlər Nazirliyi post-patrul xidmətləri vasitəsilə nəzarət etməlidir. Komitə bu qaydaları pozan internet klublarının sahiblərinin, inzibatçılarının inzibati məsuliyyətə cəlb edilməsi, onlara cərimələr tətbiq olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsini təklif edir.
Komitə hesab edir ki, uşaqların belə internet saytlarından istifadəsinin qarşısını almaq üçün valideyn məsuliyyəti də artırılmalıdır.
"Valideyn uşağa nəzarət edə bilmirsə, onu özbaşına buraxırsa, birbaşa məsuliyyət daşıyır. Bu tək internetlə bağlı deyil. Uşaqların küçə uşaqlarına, müxtəlif kriminal qruplaşmalara qoşulmasının, nəzarətdən kənarda qalmasının qarşısını almaq üçün valideynlərə qarşı cəzalar tətbiq olunmalıdır. Komitə belə valideynlərin məsuliyyətə cəlb olunması və cərimələnməsini təklif edir. Bu təkliflər hazırlanır və sentyabradək Milli Məclisə təqdim olunacaq", - komitədən bildirilib.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər