TQDK sınaq imtahanları üçün alınan rüsumla bağlı acıqlama verdi
Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanda sınaq imtahanlarında iştirak üçün tələb olunan dövlət rüsumunun məbləği 3 manatdır. Bir nəfərin sınaq imtahanında iştirakı dövlətə 30-40 manata başa gəlir.
Komissiya sədri deyib ki, hər dəfə imtahanla əlaqədar nəzarətçilərin, məsul işçilərin rayonlara ezamı üçün çəkilən xərclərin məbləği də çox olur. Bu səbəbdən də sınaq imtahanları özləri-özlərini maliyyələşdirmir.
“Təbii ki, sınaq imtahanları üçün kağızın alınması, müəyyən avadanlıqların istifadə olunması sınaq imtahanlarının vəsaiti hesabına aparılır. Sınaq imtahanları üçün istifadə edilən testlər də orijinal olur və onlar həmin vaxtadək heç yerdə çap olunmur. Bütün bunları hesablayanda görürsən ki, sınaq imtahanları dövlətə gəlir gətirmir”, - komissiya sədri əlavə edib.
O qeyd edib ki, Qırğızıstanda əhalinin yaşayış səviyyəsi çox aşağı olsa da, orada qəbul imtahanlarında iştirak üçün təxminən 40 dollar məbləğində pul ödənilir.
"Bizdə isə bu vəsait 3 manatdır. Bu isə tamamilə simvolik rüsumdur. İmtahanın qiyməti əslində daha yüksəkdir", - komissiya sədri əlavə edib.
Məleykə Abbaszadənin sözlərinə görə, bu il sınaq imtahanlarında 164 mindən çox insan iştirak edib. Onların aralarında bu imtahanlara təkrarən qatılanlar da ola bilər. Sınaq imtahanları, demək olar ki, ölkənin bütün rayon və şəhərlərində təşkil olunub.
0 Komment
Şərh yazın