TQDK orta məktəblərin buraxılış imtahanları ilə bağlı inqilab edir
Orta məktəblərin buraxılış imtahanlarının nəticələri hər imtahan bitdikdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi internet saytında elan olunacaq. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, buraxılış imtahanlarının məzmunu ali məktəblərə qəbul imtahanlarının məzmunundan fərqlənəcək.
Komissiya sədri qeyd edib ki, buraxılış imtahanlarında hər variantda 13-15 sual çox asan olacaq.
"Belə nəzərdə tutulub ki, ilk 10-15 sual asan olsun. Sonra orta səviyyəli, sonda isə çətin suallar olsun. 10-12 suala cavab verən şagirdlər "3" qiyməti ala bilər", - TQDK sədri əlavə edib.
O bildirib ki, buraxılış imtahanlarında nizam-intizamı pozanlara qarşı ciddi tədbirlər görüləcək. İmtahana yardımçı vasitələr gətirməyə cəhd edən, köçürən şagirdlərin imtahan nəticələri ləğv ediləcək.
Abbaszadənin sözlərinə görə, hazırda təhsil şöbələri buraxılış sinif şagirdlərinin iki illik qiymətlərini bazaya daxil edirlər.
İndiyədək 167 min şagirdin imtahan nəticələri bazaya daxil edilib. Onlardan 96 min şagirdin nəticələri təsdiq edilib. Bu proses davam edir.
Qeyd edək ki, iyunun 2-də Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdi, iyunun 3-də 34277 IX sinif şagirdi buraxılış imtahanı verəcək. İyunun 2-də həm də Gəncə, Abşeron, Mingəcevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdləri Bakı şəhərinin məktəblərinin şagirdləri ilə imtahan verəcəklər.
0 Komment
Şərh yazın