Azərbaycanın Təhsil Nazirliyi Distant Təhsil Mərkəzi açıb

Azərbaycanın Təhsil Nazirliyi Distant Təhsil Mərkəzi açıb

Azərbaycanın Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı keçirilib. Bu barədə Təhsil Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.
 
Məlumatda bildirilir ki, Distant Təhsil Mərkəzinin açılış mərasimi 20 saylı məktəb-liseydə keçirilib. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron Təlimləndirən Sistemlər" layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir.
 
Açılış mərasimində təhsil naziri, professor Misir Mərdanov, habelə təhsil sektorunun müxtəlif nümayəndələri iştirak edib. Tədbir çərçivəsində www.mesafedenmekteb.edu.az İnternet portalının da təqdimatı keçirilib.
 
Qeyd etmək lazımdır ki, "Elektron Təlimləndirən Sistemlər" layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə, cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq və bununla yanaşı, kompyuter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və İnternetə çıxış imkanlarının yaradılmasıdır.
 
Layihə çərçivəsində 30 şagird və 7 müəllimə Apple şirkətinin istehsalı olan Macbook noutbukları verilib, şagirdlərin evləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq, yüksək sürətli İnternet bağlantısı ilə təmin edilib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər