Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsinin həcmində tarixi rekord qeydə alınıb
Bu ilin I rübündə Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsinin həcmi 2011-ci il göstəricisini üstələyib.
Bu barədə Serbiya Ticarət-Sənaye Palatasının vitse-prezidenti Vidosava Tsaqiç bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmində ən yüksək göstərici 2010-cu ildə qeydə alınıb - 5,5 mln. dollar. Ötən il bu rəqəm 4,27 mln. dollar, bu ilin I rübündə isə 4,3 mln. dollar olub.
Xanım Tsaqiç qeyd edib ki, bu nəticələr Azərbaycanla Serbiya arasında ticarət əlaqələrini inkişaf etdirmək, biznes-forumlar keçirmək yolu ilə əldə olunub: “İki ölkə arasında ticarət əlaqələrinin böyük potensialı var. Hazırda əməkdaşlıq yalnız şirkətlər səviyyəsindədir, lakin biz onu daha yüksək səviyyəyə çatdırmaq istəyirik”.
Vidosava Tsaqiç deyib ki, qarşılıqlı maraq doğuran sahələr tikinti, kənd təsərrüfatı, kimya sənayesi, əczaçılıq və maşınqayırmadır. Onun sözlərinə görə, tərəflər biznes-forumları hər il keçirmək qərarına gəliblər və növbəti işgüzar görüş Serbiyada keçiriləcək.
0 Komment
Şərh yazın