Sürücülərə xəbərdarlıq: avtomobili saxlayarkən diqqətli olun
Bu günlərdə Bakının bir çox küçə və prospektlərində, xüsusi ilə mərkəzi ərazilərdə yeni yol nişanları quraşdırılıb. Lent.az-ın məlumatına görə, yol kənarlarındakı ağ xətlər sarı rənglə boyanıb. Bu isə yol kənarında, yəni sarı xətt boyunca avtomobil saxlamağın qadağan edilməsi anlamına gəlir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Lent.az-a bildirib ki, yol kənarlarında sarı xətlərin göstərilməsindən əlavə “saxlamaq qadağandır” yol hərəkət nişanları da quraşdırılıb: “Hazırda şəhərin mərkəzi hissələrində avtomobillərin yol kənarında saxlanılması əksər yerlərdə qadağan olunub. Bu qadağaya əməl etməyərək yol kənarında dayanmış avtomobilləri evakuator vasitəsi ilə aparmaq lazım gəlir. Bu zaman həmin hissədə müvafiq qadağanedici nişan olmasa, avtomobili birbaşa götürüb aparmağa icazə yoxdur. Ona görə də həmin yerlərə sarı xəttin çəkilməsi ilə barabər, qadağanedici nişan da qoyulub. Sürücülərdən xahiş edirik ki, yol hərəkət nişanlarına qarşı diqqətli olsunlar. Xüsusi ilə bu günlərdə, paytaxtımızda mötəbər tədbirin keçirildiyi vaxt yollarda sıxlığa səbəb olmasınlar”.
Qeyd edək ki, “Eurovision” ərəfəsində Bakının bir sıra mərkəzi hissələrində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur. Yol polisi mərkəzi ərazilərdə çalışanlardan şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini tövsiyə edib. Qadağan edilmiş ərazilərdə saxlanılmış istənilən avtomobil evakuator vasitəsi ilə cərimə meydançalarına aparılacaq.
0 Komment
Şərh yazın