"Elektron təhsil" respublika müsabiqəsinin ilk mərhələsi yekunlaşıb
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron təhsil" respublika müsabiqəsinin I mərhələsi başa çatıb.
Müsabiqənin Təşkilat Komitəsindən çərşənbə günü verilən məlumata görə, müsabiqəyə 1092 layihə təqdim olunub. Müsabiqənin II mərhələsinə keçən nominantlar mayın 30-da elan olunacaq.
Müsabiqənin I mərhələsinin sona çatmasına baxmayaraq, layihələr üzrə şərhlərin verilməsi, layihələrin ictimai müzakirəsi müsabiqənin finalına kimi mümkün olacaq.
Müsabiqənin II mərhələsinə keçəcək layihələrin ekspertizasını "Elektron təhsil" respublika müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən seçilmiş peşəkarlar və mütəxəssislərdən ibarət ekspertlər aparacaqlar.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internetdən tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.
0 Komment
Şərh yazın