Rektor müəllimlərə rüşvətlə bağlı artıq belə hərəkət etməməsi haqqında xəbərdarlıq etdi

Rektor müəllimlərə rüşvətlə bağlı artıq belə hərəkət etməməsi haqqında xəbərdarlıq etdi

BDU-nun Hüquq fakültəsinin müəllimi Məhəmməd İmanlının korrupsiya cinayətinə görə həbsinə münasibət bildirən rektor Abel Məhərrəmov cümə axşamı Trend-ə deyib ki, hazırda məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

"Əlbəttə, universitetdə ancaq profilaktik işləri görmək lazımdır və artıq bunları görmüşük. Müəllimlərə xəbərdarlıq edilib ki, artıq belə hərəkətlər olmasın. Bundan sonra belə cəhdlərin olmaması üçün fakültələrdə, rektorluqda müəllimlərlə söhbətlər aparılıb, geniş müzakirələr olub. Qalan məsələlər artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq", - Məhərrəmov deyib.

O əlavə edib ki, rəhbərlik etdiyi universitetdə 20 min tələbə oxuyur, bu təhsil müəssisəsinin 4 min əməkdaşı var.

"Əlbəttə ki, əməkdaşlar bəzən çaşqınlıq da edə bilər. Amma bu, Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinə yaraşmayan bir hadisədir. Biz bundan nəticə çıxarmalıyıq", - Məhərrəmov qeyd edib.

Xatırladaq ki, BDU-nun Hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlunun qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə müraciət daxil olub. Müəyyən edilib ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edib. O, mayın 5-də yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər