TQDK hansı abituriyentlər üçün imtahanın vaxtını və yerini açıqladı?
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahanın vaxtını və yerini müəyyən edib.
TQDK-nın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, imtahan mayın 13-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində keçiriləcək.
Məlumatda qeyd olunur ki, abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni mayın 8-dən etibarən TQDK-nın internet saytına daxil olaraq çap edə bilirlər.
Abituriyentlər imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, 16 yaşı 2012-ci il aprelin 30-dək tamam olmayan şəxslər isə digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı özləri ilə gətirməlidirlər.
İmtahanda iştirakı nəzərdə tutulan 9443 abituriyentdən 4038 nəfəri oğlan, 5405 nəfəri qızdır. 6788 abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 2655 nəfər isə əvvəlki illərin məzunlarıdır.
Bakı şəhərində 6492, Naxçıvanda 34, Gəncədə 1411, Sumqayıtda 565, Şəkidə 316, Lənkəranda 208, Qubada 417 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.
İmtahan Bakı şəhərində 11, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçiriləcək. İmtahanın idarə olunması üçün 66 imtahan rəhbəri, 713 nəzarətçi-müəllim cəlb olunacaq.
İmtahan bütün şəhərlərdə eyni vaxtda - saat 14:00-da başlayacaq.
0 Komment
Şərh yazın