ARDNF daşınmaz əmlaka investisiya qoymaq üçün hansı planları hazırlayır?
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka investisiyaların qoyulması prosesinin təşkili üçün ixtisaslaşdırılmış struktur yaratmağı planlaşdırır.
Bu barədə cümə axşamı ARDNF-nin Vəsaitlərin idarə edilməsi müdiriyyətinin müdiri İsrafil Məmmədovun Əmlak Məsələləri Dövlət Komitəsinin nəşri olan "Daşınmaz Əmlak" jurnalına müsahibəsində bildirib.
"İnvestisiyaların həyata keçirilməsi üçün ARDNF-nin kommersiya maarqlarını yüksək səviyyədə təmin edən, alqı-satqı prosesinin lazımi səviyyədə şəffaf həyata keçirilməsinə imkan verən, eyni zamanda, daşınmaz əmlakdan əldə ediləcək gəlirlərdən ödəniləcək vergilərin minimuma endirilməsinə şərait yaradan səmərəli strukturun təşkili də kifayət qədər önəmlidir ki, hazırda Fond bu sahədə aidiyyəti xarici şirkət və qurumlarla birgə ciddi işlər görülür", - Məmmədov deyib.
Onun sözlərinə görə, ARDNF tərəfindən daşınmaz əmlakın alınması zamanı bu sahədə kifayət qədər təcrübəyə malik nüfuzlu brokerlərin xidmətlərindən istifadə edilməsi nəzərdə tutulur.
"ARDNF yaxın 3-4 ayda daşınmaz əmlaka investisiyalar qoymağa başlayacaq", - Məmmədov qeyd edib.
O, əlavə edib ki, daşınmaz əmlaka investisiya yatırımı maksimum ehtiyatla həyata keçiriləcək.
"ARDNF ilkin mərhələdə bu investisiyaları şəffaf bazar mühitinə və yüksək likvidliyə malik olan bəzi ölkələrin əsas şəhərlərinin kommersiya daşınmaz əmlak bazarlarında həyata keçirməyi nəzərdə tutur", - Məmmədov bildirib.
Onun sözlərinə görə, belə əmlakın likvidliyi yüksək, qiymət və gəlirliyi isə sabit olmalıdır.
"Neft Fondunun pulları daşınmaz əmlaka yatırılanda əmlakın uzunmüddətli icarə müqaviləsinə sahib olması, əsas mərkəz-biznes ərazilərində yerləşməsi, istifadə üçün əla vəziyyətdə olması, müasir texniki təchizata malik olması və s. şərtlər əsas götürüləcək", - Məmmədov deyib.
Onun sözlərinə görə, ARDNF-nin vəsaitləri ilk növbədə Avropanın daşınmaz əmlak bazarlarına yatırılacaq, sonra isə digər ölkələrin bazarları nəzərdən keçiriləcək.
"ARDNF tərəfindən investisiyaların həyata keçirilməsi planlaşdırılan daşınmaz əmlak bazarlarında fəaliyyət göstərən nüfuzlu brokerlər, əsas investisiya menecerləri, iri daşınmaz əmlak sahibləri, hüquq və s. şirkətlərlə artıq müvafiq görüşlər keçirilib, onların müvafiq təklifləri dəyərləndirilib", - Məmmədov bildirib.
0 Komment
Şərh yazın