Azərbaycan Nəqliyyat Nazirliyi Bakı şəhərində «sovet» avtomobilləri və lisenziyasız taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reydləri davam etdirir.
Azərbaycan Nəqliyyat Nazirliyi: Rusiya istehsalı olan taksilər tam yığışdırılanadək reydlər davam etdiriləcək.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun «APA-ECONOMICS»ə verdiyi məlumata görə, hazırda reydlər davam etdirilir və artıq ötən gün, yəni mayın 1-də Rusiya istehsalı olan avtomobillərlə taksi xidmətlərinin göstərilməsinə qoyulan qadağa qüvvəyə minib:
«Hazırda Azərbaycan paytaxtında minlərlə «sovet» avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan sürücülər var və Nazirlik tərəfindən bunun qarşısının alınması istiqamətində işlər davam etdirilir. Sözügedən reydlər Rusiya istehsalı olan avtomobillərlə taksi xidmətlərinin göstərilməsi tam aradan qaldırılanadək davam etdiriləcək».
N.Həsənov onu da bildirib ki, lisenziyasız, o cümlədən «sovet» avtomobilləri ilə taksi xidməti göstərən sürücülərə qarşı, İnzibati Xətalar Məcəlləsinin 150.4 maddəsinə əsasən, 100 manat məbləğində cərimə tətbiq olunur: «Müqavimət göstərən sürücülərin avtomobilləri cərimə meydançasına aparılır. Belə ki, reydlər Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilir».
N.Həsənov həmçinin əlavə edib ki, ümumiyyətlə, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmaq üçün 5 min lisenziyanın verilməsi nəzərdə tutulub: «Bu lisenziya sayına London taksiləri də aiddir».
Nazirlik rəsmisi taksi fəaliyyəti ilə məşğul olan digər avtomobillərin (ağ rəngdə olmayan) sürücülərinə avtomobillərini müvafiq rəngə, yəni ağ rəngə dəyişmələrini tövsiyə edib. Belə ki, Bakı şəhəri üçün yalnız ağ rəngli taksilərin (London taksiləri istisna olmaqla) istismarı nəzərdə tutulur.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi tərəfindən taksi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya 150 manata və 5 il müddətinə verilir.
0 Komment
Şərh yazın