Avropadakı böhran Azərbaycanda iqtisadi vəziyyətə təsir göstərəcək?
Azərbaycan iqtisadiyyatı sabitdir və Avropadakı iqtisadi böhranın təsirinə davamlıdır. Trend-in məlumatına görə, bu barədə missiyanın yekunları üzrə BVF Yaxın Şərq və Mərkəzi Asiya Departamentində şöbə müdirinin müavini Nadim İlahi bildirib.
“Bu böhranın Azərbaycana təsiri ciddi olmayacaq, çünki Avropa ilə ticari-iqtisadi əlaqələr o qədər də möhkəm deyil”, - İlahi deyib.
Onun sözlərinə görə, Avropadakı böhranın Azərbaycandakı iqtisadi vəziyyətə birbaşa təsir edəcəyini gözləmir.
“2008-ci ildəki böhran Azərbaycana dolayısı ilə təsir etmişdi: o Rusiya iqtisadiyyatına güclü təsir etmişdi və onun vasitəsilə Azərbaycana, neftin dünyadakı qiymətlərinə və s. təsir göstərmişdi. Dolayısı ilə təsirə Azərbaycan iqtisadiyyatı hazırdır və ciddi nəticələr gözlənilmir, çünki Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu kifayət qədər rezervə malikdir və ölkədə maliyyə vəziyyəti stabildir. Biz birbaşa təsiri gözləmirik”, - İlahi deyib.
BVF-nin missiyası aprelin 24-dən ölkədədir. BVF Azərbaycanda makroiqtisadi tendensiyaların müzakirəsinə, ölkənin iqtisadi inkişafının perspektivləri üzrə Azərbaycanın qısamüddətli və ortamüddətli vəzifələrinin qiymətləndirməsinin aparılmasına başlayıb. Bu, BVF sazişinin IV maddəsi üzrə müzakirələrin prioritet istiqamətlərinin müəyyən edilməsi üçün vacibdir. IV maddə üzrə məsləhətləşmələr payızda keçiriləcək.
0 Komment
Şərh yazın