Doktorantura təhsilində yenilik nədən ibarət olacaq?

Doktorantura təhsilində yenilik nədən ibarət olacaq?

Azərbaycan Təhsil Nazirliyi ali təhsilin doktorantura səviyyəsi üzrə kadr hazırlığında kredit sisteminin tətbiqini təklif edir. Bunu bazar ertəsi Trend-ə Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyib.
Onun sözlərinə görə, bu məsələ yeni hazırlanan "Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı"nda öz əksini tapır.
Hüseynova deyib ki, kredit sisteminin tətbiqi ilə əlaqədar doktoranturada oxumaq istəyənlərin tədris sistemində dəyişiklik ediləcəyi gözlənilir. Bu halda onlar doktorantura təhsilini başa vurmaq üçün müəyyən kreditlər toplamalı olacaqlar. Kredit sisteminin fəlsəfə doktoru proqramının bütün ixtisasları üzrə tətbiqi təklif edilir.
Elmlər doktoru proqramı üzrə təhsil alanlar, əsasən, tədqiqatla məşğul olduqlarından bu proqram üzrə kredit sisteminin tətbiqinə ehtiyac görülmür.
Kredit sistemi tətbiq olunacağı halda, doktorantlar hazırda 3-4 il davam edən təhsil müddətlərini qısalda və onu tez başa çatdıra da bilərlər. Onlar proqramı mənimsəyiblərsə, dissertasiyalarını hazırlayıblarsa, onda dissertasiyalarını müdafiəyə təqdim edə biləcəklər. Dissertasiyalarını müdafiə etdikdə isə doktoranturanı başa vurmuş olacaqlar.
Bununla yanaşı, doktoranta gələcək fəaliyyətində ona lazım ola bilən seçmə fənləri öyrənməsinə də icazə veriləcək.
Hüseynovanın sözlərinə görə, bu standartlar tabeliyindən asılı olmayaraq, doktorant hazırlığı ilə məşğul olan bütün təhsil müəssisələrinə şamil ediləcək.
"Əvvəl bizdə sistem ümumiyyətlə başqa idi. İndi isə başqa sistemə keçmişik. Əvvəlki aspirantura ali təhsildən sonrakı pillə sayılırdı, indiki doktorantura ali təhsilin ən yüksək səviyyəsidir. Buna görə də ali təhsildə tətbiq olunan yeniliklər doktoranturaya da şamil olunmalıdır", - Hüseynova əlavə edib.
Nazirlik rəsmisi deyib ki, hazırda sənəd müzakirə edilir. Müzakirələr başa çatdıqdan sonra layihə Nazirlər Kabinetinə təqdim ediləcək. Yeni standartlar NK tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, 2005-ci ildə Azərbaycan təhsil sisteminin Bolonya prosesinə qoşulması ilə əlaqədar ölkənin ali məktəblərində kredit sisteminə keçilib. Hazırda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə kredit sistemi tətbiq edilir. Bu sistemə uyğun olaraq, tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər