Bü gün hansı əlillərə maddi yardım verilməsi qərara alınıb?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrinə əsasən, Çernobıl qəzasının 26-cı ildönümü ilə əlaqədar 500 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardımlar verilib. Bu barədə cümə axşamı Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin məlumatına görə, "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı"nda əlillərin asudə vaxtının təşkili məqsədi ilə onların istirahət zonalarına göndərilməsi nəzərdə tutulub. Bununla əlaqədar, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan əlillərin İsmayıllı və Lənkəran rayonlarında, həmçinin Nabranda yerləşən istirahət zonalarına göndərilməsi ilə bağlı işlərə başlanılıb. Bu tədbir çərçivəsində il ərzində 1000 nəfərdən artıq əlilliyi olan şəxsin qeyd olunan istirahət zonalarına göndərilməsi təşkil olunacaq.
Artıq bir neçə qrup müvafiq istirahət zonasına göndərilib və onların istirahəti xüsusi mədəni-kütləvi proqram əsasında təşkil edilib. Belə ki, mədəni-kütləvi proqram çərçivəsində stolüstü oyun yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq, tibbi və fizioterapevtik prosedurlar həyata keçirilir.
İstirahətə göndərilən şəxslər arasında Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar üstünlük təşkil edir.
0 Komment
Şərh yazın