Dövlət Gömrük Komitəsinin sədri VAZ avtomobillərinin idxalına qadağanın tarixini açıqladı
Azərbaycanda oktyabrın 1-dən VAZ 2114 və VАZ 2115 avtomobillərinin idxalı qadağan olunacaq. Çünki onlar ABS antibloklama sistemi və təhlükəsizlik yastıqlarına malik deyillər.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.
"Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırılması qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu ilin may ayının 1-dən etibarən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək.
"Bu proses mərhələli şəkildə gedəcək. Azərbaycan VAZ 2107 avtomobillərinin idxalını may ayından, VAZ 2114 və VАZ 2115 avtomobillərinin idxalını isə oktyabrın 1-dən dayandıracaq. Bu markadan olan avtomobillərin şəkli dəyişdirilsə və bizim standartlara uyğun gələrsə, idxal mümkün olacaq", - Əliyev deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi artıq yeni qaydalar haqqında məlumatlandırılıb.
Bundan əvvəl Azərbaycanda Avro-2 tullantı standartlarına uyğun gəlməyən avtomobillərin idxalına qadağa qoyulmuşdu.
0 Komment
Şərh yazın