Azərbaycan yol polisinin piyadalara tövsiyəsi və cəriməsi

Azərbaycan yol polisinin piyadalara tövsiyəsi və cəriməsi

Respublika Yol Polisi piyadalara müraciət edib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, hərəkət iştirakçıları, o cümlədən piyadalar yolu keçərkən son dərəcə diqqətli olmalıdırlar.

"Piyadalar yolu onlar üçün müəyyən edilən ərazilərdən keçsinlər. Piyadalardan xahiş olunur ki, nizamlanmayan piyada keçidlərindən keçərkən avtomobil yollarındakı sıxlığı nəzərə alıb ləngimələrə yol verməsinlər", - Əliyevb deyib.

Şöbə rəisi bildirib ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə görə, piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.

Əliyev deyib ki, yol hərəkəti qaydasını pozan piyada barəsində yerində protokol tərtib edilməlidir. Əgər onun plastik kartı varsa, cəriməni POS-terminal vasitəsilə ödəyə bilər. Kart olmadıqda isə cəriməni bir ay müddətində bank vasitəsilə ödəməlidir.

Şöbə rəisi bildirib ki, cərimənin 3 gün müddətində ödənilməsi və gecikdirilməsi zamanı nəzərdə tutulan güzəşt və dəbbə pulunun ödənilməsi piyadalara da şamil edilir.

Belə ki, piyada cəriməni 3 iş günü müddətində banka ödədiyi halda tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir.

Cəriməni 30 gün müddətində ödəmədikdə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanır.

Qeyd edək ki, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimənin məbləği 10 manatdır.

Baş İdarə "Piyadalar, diqqətli olun!" şərti adı altında aprelin 23-dən 30-dək təhlükəsizlik həftəliyinə başlayıb.

Statistik məlumatlara əsasən, cari ilin ilk 3 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 40 faizini, Bakı şəhərində isə 55,2 faizini təşkil edir.

 

Mənbə:  trend.az

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər