Azərbaycanda torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliyə hansı dəyişiklik edilib?

Azərbaycanda torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliyə hansı dəyişiklik edilib?

Milli Məclis Azərbaycanda "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna dəyişikliklər edib.

Trend-in məlumatına görə, dəyişikliyə görə, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya gəlir vergisindən azad edilib.

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna müvafiq olaraq, alınan torpağa daxil olmaq və ya onun üzərində sahibliyin əldə olunması ilə bağlı digər hərəkətləri həyata keçirmək səlahiyyəti verilmiş hər hansı şəxsi təhqir etməyə və ya səlahiyyətlərinin həyata keçirilməsinə mane olmağa, yaxud əngəl törətməyə və ya belə əməllərə yardım göstərməyə, yaxud təhrik etməyə görə fiziki şəxslər 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat miqdarında, hüquqi şəxslər 200 manat miqdarında cərimə ediləcək.

Rayon (şəhər) məhkəmələri əlavə olunan yeni maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxacaq.

Mili Məclisin iclasında həmin məsələ ilə bağlı Mülki Məcəlləyə edilən dəyişikliyə görə, dövlət tərəfindən mülkiyyət yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qanunla müəyyən edilmiş qaydada qəbul edilən qərarı ilə alınır.

Məcəllənin müvafiq maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

Mülki Məcəlləyə kompensasiya ödəmə formaları ilə bağlı müddəalar salınıb. Burada itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi; itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili; kənd təsərrüfatı torpaqları itirildikdə, qanunda nəzərdə tutulan torpaq sahəsindən əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar; qanunda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar; torpaq və digər kapital itkisinə görə müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi; yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər; itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat; yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədi ilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi; alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları aiddir.

Müzakirələr zamanı millət vəkili Vahid Əhmədov qeyd edib ki, bu günlərdə ölkədə, xüsusəndə paytaxtda qanunsuz tikililərin sökülməsi ilə bağlı əhali ilə problemlər yaranır.

Əhmədov deyib ki, Azərbaycanda qiymətləndirmə siyasətini dəqiqləşdirmək lazımdır. O "Qiymətləndirmə haqqında" qanunun yenidən işlənilərək qəbul edilməsinə ehtiyac olduğunu bildirib.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər