Rusiyanın ən zəngin iş adamlarının siyahısında hansı beş azərbaycanlının adı var?
Dünyaca məşhur “Forbes” jurnalının rus versiyası Rusiyanın ən varlı iş adamlarının siyahısını dərc edib.
APA-nın Moskva bürosunun məlumatına görə, siyahıda birinci yeri özbək əsilli iş adamı Alişer Usmanov tutub. Onun 18,2 mlrd. ABŞ dolları dəyərində sərvəti var.
“Metalloinvest”in sahibi olan Usmanov Londonun Arsenal futbol klubunun sahiblərindən biridir. O, həm də Rusiyada mediamaqnat olaraq tanınır və ölkənin ən məşhur qəzetlərindən olan “Kommersant”ın sahibidir.
İkinci sırada “Novolipetsk” polad şirkətinin sahibi Vladimir Lisin qərarlaşıb. Keçən il 24 mlrd. dollarlıq sərvəti ilə ilk sırada olan V.Lisinin hazırkı sərvəti 15,9 mlrd. dollar dəyərindədir.
Üçüncü sırada 15,3 mlrd. dollarlıq varidatı ilə “Severstal” polad şirkətinin sahibi Aleksey Mordaşov, dördüncü sırada “Interros” şirkətinin sahibi Vladimir Potanin (14,5 mlrd. dollar) yer alıb. İlk beşliyi azərbaycanlı iş adamı, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov tamamlayır - 13,5 mlrd. dollar.
Altıncı yerdə qərarlaşan “Alfa Group”un sahibi Mixail Fridmanın 13,4 mlrd. dollar sərvəti var. Rusiyada son prezident seçkilərində iştirak edən iş adamı Mixail Proxorov yeddinci sırada yer alıb. Keçən il 18 mlrd. dollarlıq varidatı ilə üçüncü yerdə olan M.Proxorovun builki sərvəti 12,4 mlrd. dollar dəyərindədir.
“Renova Group”un sahibi Viktor Vekselberq 12,4 mlrd. dollarla səkkizinci, Londonun “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç isə 12,1 mlrd. dollarlıq sərvəti ilə doqquzuncudur. Onuncu yerdə isə “Novatek” şirkətinin sahiblərindən olan Leonid Mixelsondur. Onun sərvəti 11,9 mlrd. ABŞ dolları dəyərindədir.
Rusiyanın ən zəngin iş adamlarının orta yaş həddi 50-dir. Ən gənc iş adamı 16 yaşlı Deni Bajayevdir. 200 nəfərlik siyahıda 127-ci sırada olan D.Bajayev 750 mln. dollarlıq sərvətə malikdir.
Qeyd edək ki, Rusiya milyarderlərinin siyahısında V.Ələkbərovdan başqa daha 4 azərbaycanlının adı var. Bunlar biznesmen, “Ukrayna mehmanxanası” ASC-nin Direktorlar Şurasının sədri Zarah İliyev (35-ci yer - 2,4 mlrd. dollar), “Krokus” qrupunun prezidenti Araz Ağalarov (61-ci yer - 1,6 mlrd. dollar), “Nortqaz” şirkəti Direktorlar Şurasının üzvü Fərhad Əhmədov (108-ci yer - 900 mln. dollar) və AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılovdur (121-ci yer - 800 mln. dollar).
Mənbə: apa.az
0 Komment
Şərh yazın