Azərbaycanda tələbələrin kredit toplama balı neçəyə qaldırıldı?

Azərbaycanda tələbələrin kredit toplama balı neçəyə qaldırıldı?

Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsi üzrə təhsil alan tələbələr üçün tələb olunan kreditlərin sayı artırılır. Bu barədə cümə günü Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırkı qaydalara görə, bakalavr səviyyəsi üzrə təhsil alan tələbə 4 tədris ili ərzində 180-240 kredit toplamalıdır. Hazırda tələbələr semestrlərdə 23, 24, 26, 27 kredit toplamalı olurlar. Bu kreditlərin sayından asılı olaraq da, tələbənin 4 il ərzində topladığı kreditlərin sayı 180-dən çox, 240-dan az olur.

Yeni hazırlanan "Kredit sisteminin tədrisinin təşkili qaydaları"na görə isə, tələbənin hər semestrdə mütləq 30 krediti olmalıdır. Buna görə də tələbə üçün qoyulan minimum hədd 180-dən 240-a, maksimum hədd isə 240-dan 300-ə qaldırılıb. Yəni tələbə 4 il ərzində ən azı 240 kredit toplamalıdır. Bununla bağlı standartların da hazırlanması nəzərdə tutulur.

Bakalavr səviyyəsi üzrə səhiyyə ixtisasları üçün kreditlərin sayı ayrıca müəyyənləşdirilib. Bakalavr səviyyəsi üzrə səhiyyə ixtisaslarına yiyələnmək istəyən tələbələr təhsil aldıqları 6 il ərzində 300-360 kredit toplamalıdırlar. Hazırda isə bakalavr səviyyəsi üzrə səhiyyə ixtisaslarına yiyələnmək istəyənlər digər ixtisaslar kimi 180-240 kredit toplamalıdırlar.

"Kredit sisteminin tədrisinin təşkili qaydaları"nın layihəsi gələn həftə Nazirlər Kabinetinə təqdim ediləcək. Sənədin sentyabrda təsdiqlənməsi, yeni tədris ilindən isə tətbiqi gözlənilir.

Qeyd edək ki, 2005-ci ildə Azərbaycan təhsil sisteminin Boloniya prosesinə qoşulması ilə əlaqədar ölkənin ali məktəblərində kredit sistemi tətbiq olunur. Bu sistemə uyğun olaraq, tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir. Bir kredit 15 auditoriya və ya 22,5 ümumi (15 saat auditoriya+7,5 saat tələbənin sərbəst işi) saata bərabərdir.


0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər