Sürücülərin işini yüngülləşdirilmək məqsədilə ilə yol polisi və FHN birgə reydlərə başlayır
Bakının 3 rayonunda paytaxt yol polisi və Fövqəladə Hallar Nazirliyi yolun hərəkət hissəsində özbaşına süni maneə, sədd yaradan, şlaqbaumlar qoyan şəxslərə qarşı reydlərə başlayır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, İdarənin hərəkətin təşkilinə nəzarət şöbəsi FHN-in 2-ci ərazi dövlət yanğın nəzarəti idarəsi ilə birgə Yasamal, Səbail və Nəsimi rayonları ərazisində bu ilin ikinci rübü üçün tədbirlər planı hazırlayıb. Tədbirlər planına əsasən, "Yol hərəkəti haqqında" qanunun 11-ci, İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsinin tələbinə uyğun olaraq avtomobil yollarının, piyada səkilərinin hərəkət hissəsndə özbaşına yaradılan süni maneələr, sədd və şalqbaumların qoyulmasına qarşı mütəmadi reydlər keçiriləcək. Əsədov bildirib ki, adıçəkilən qurumların nümayəndələri ərazi üzrə baxış keçirib və 3 rayonda 35 ünvanda qayda pozuntularını aşkar edib. İnzibati Xətalar Məcəlləsinin 162-cü maddəsinin tələbini pozan 6 vəzifəli, 6 hüquqi və 7 fiziki şəxs barəsində inzibati protokol tərtib edilib. Bölmə rəisinin sözlərinə görə, görülən tədbirlərə baxmayaraq, hətta yaşayış məntəqələri istiqamətinə avtomobillə daxil olmanın qarşısının özbaşına qoyulmuş şlaqbaumlarla alınması hallarına rast gəlinir. "Bu da fövqəladə hallar zamanı yanğınsöndürən maşınların və digər texniki qurğuların həmin əraziyə giriş-çıxışına maneə yaradır", - Əsədov deyib. Bölmə rəisi bildirib ki, yol qəza hadisələrinin təhlili zamanı müəyyən olunub ki, piyada səkilərinin tutulması, avtomobil yollarında, yol çiyinlərində taxta və ya metal dirəklərin qoyulması tıxacların yaranmasına, piyadaların məcburi şəkildə yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bunu nəzərə alaraq, hər iki qurum genişmiqyaslı mübarizə tədbirlərinə start verir. Qeyd edək ki, bu qayda pozuntusuna yol verən fiziki şəxslər 100, vəzifəli şəxslər 500, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimələnəcəklər.
0 Komment
Şərh yazın