Sürücülər üçün bəd xəbər! Cərimələrin nə qədər artırılacağı məlum oldu

Sürücülər üçün bəd xəbər! Cərimələrin nə qədər artırılacağı məlum oldu

 

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi təqdim olunub. Layihədə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarəetməyə görə cərimənin məbləği 40 manat müəyyən olunur (Qüvvədə olan qanunvericilikdə bu cərimənin məbləği 15 manatdır). Həmçinin, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə cərimələrin məbləği artırılıb. Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə 20 manat (Hazırda qüvvədə olan qanunda bu pozuntuya görə 15 manatdan 20 manata qədər cərimə nəzərdə tutulur), hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə 100 manat (Hazırda qüvvədə olan qanunda bu pozuntuya görə 20 manatdan 40 manata qədər cərimə nəzərdə tutulur), hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə 150 manat (Hazırda qüvvədə olan qanunda bu pozuntuya görə 40 manatdan 60 manata qədər cərimə nəzərdə tutulur) miqdarında cərimə müəyyən edilib.

 

Təklif olunan digər bir dəyişikliyə görə, motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə edən, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşıyan şəxs 20 manat miqdarında cərimə ediləcək. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə cərimənin məbləği 30 manat müəyyən edilib. (Hazırda qüvvədə olan qanunda hər iki xətaya görə 15 manatdan 20 manata qədər cərimə nəzərdə tutulur)

 

Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimənin məbləğinin 60 manatdan 100 manata qaldırılması təklif olunub. Bu qayda pozuntusunun il ərzində təkrar törədilməsinə görə cərimənin məbləği 200 manat müəyyən ediləcək. (Hazırkı qanunda bu pozuntunun təkrar törədilməsinə görə 80 manatdan 100 manata qədər cərimə nəzərdə tutulur).

Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə nəzərdə tutulan cərimə 400 manatadək artırılacaq (Qüvvədə olan qanunda bu xətaya görə cərimənin məbləği 140 manatdan 180 manatadək müəyyən edilib).

Nəqliyyat vasitəsini idarəetmə hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 150 manat məbləğində cərimə təklif olunur (Hazırda qüvvədə olan qanunda bu xətaya görə 80 manatdan 100 manatadək cərimə müəyyən olunub).

Nəqliyyat vasitəsini idarəetmə hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxs tərəfindən İXM-nin 151.2 və ya 151.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə 200 manat məbləğində cərimə nəzərdə tutulur (Hazırda bu xətaya görə cərimə 120 manatdan 150 manatadəkdir).

Nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 250 manat məbləğində cərimə təklif olunur (Hazırda bu xəta üzrə cərimənin məbləği 150 manatdan 200 manatadəkdir).

Qanun layihəsində qeyd olunur ki, 152-2.2-ci maddədə "iki yüz manatdan üç yüz manatadək miqdarda" sözləri "üç yüz əlli manat miqdarında" sözləri ilə əvəz edilsin.Bu xətanın il ərzində təkrar törədilməsinə görə 350 manat cərimə təklif olunur (Hazırda bu xətaya görə cərimənin məbləği 200 manatdan 300 manatadəkdir).

Qanun layihəsi parlamentin yaxın günlərdə keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılacaq.

"Trend"

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər