Həmkarlar İttifaqları Konfederasiyasından vergi güzəştləri ilə bağlı maraqlı təklif
Azərbaycanın regionlarındakı iqtisadi və sosial problemlərin həlli üçün bölgələrdə yeni iş yerləri yaradan sahibkarlara vergi və digər güzəştlər tətbiq edilməlidir.
Bu barədə Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev bildirib.
Qeyd edək ki, bu məsələ bir qədər əvvəl Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur. S.Mehbalıyev regionda iş yerləri yaradılmasının daha böyük zəhmət tələb etdiyini bildirib: «Regionlarda bu iş daha böyük zəhmət və xərc tələb edir. Regionlarda istehsal edilən məhsulların Bakıya çatdırılması və s. üçün daha çox vəsait tələb olunur. Bütün bunları nəzərə alaraq, fikrimcə, hökumət özü də ucqar bölgələrdə açılan yeni fabrik-zavodlar üçün vergi və digər güzəştlərin verilməsində maraqlı olmalıdır».
Konfederasiya rəhbəri hesab edir ki, həmin müəssisələrə verilən enerji tarifləri də bir qədər aşağı nəzərdə tutulmalı, eləcə də onların məhsullarının paytaxta daşınması üçün nəqliyyat xərclərinə yenidən baxılmalıdır: “Bu, sahibkarların xərclərini azaltmalı və onları yeni iş yerləri açmağa həvəsləndirməlidir. Dövlət bütün bunları nəzərə almalıdır ki, rayonlarda yeni iş yerləri açılsın, insanlar iş yeri üçün Bakıya axışmasınlar və öz bölgələrində işləsinlər”. S.Mehbalıyev bəzən regionlardakı iqtisadi problemlərin sosial problemlərə çevrildiyini və mənfi nəticələr verdiyini bildirib: “Ailə başçısı ailəsini rayonda qoyub iş dalınca Bakıya gəlir və müəyyən müddət sonra onların ailələrində də problemlər başlayır. Məsələn, ailədəki uşaqlara nəzarət etmək mümkün olmur, onlar məktəbdən yayınır, pis vərdişlərə öyrənir və s. Bu da son nəticədə ailənin dağılmasına və digər mənfi nəticələrə səbəb olur. Bütün bunların qarşısını almaq üçün bölgədə yaradılan yeni iş yerləri üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır ki, sahibkarlar bölgələrdə yeni iş yerləri açmaqda maraqlı olsun”.
“APA”
0 Komment
Şərh yazın