Sosial məzuniyyət və müavinətlərin hesablanması üçün faydalı məlumat: 2011-ci ilin iş vaxtı norması

Sosial məzuniyyət və müavinətlərin hesablanması üçün faydalı məlumat: 2011-ci ilin iş vaxtı norması

 

«Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətın hesablanılması və ödənilməsi haqqında Əsasnamə»yə edilən dəyişikliyə əsasən,  Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.  Məhz bunu nəzərə alaraq 2011-ci ilin iş normasını oxucuların diqqətinə çatdırırıq:

2011-ci ilin İŞ VAXTI NORMASI

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2011-ci il üçün işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları bildirir.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin ''2011-ci ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında” 3 dekabr 2010-cu il tarixli 230 nömrəli qərarına əsasən 2011-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1-2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

8 mart – Qadınlar günü;

20, 21 , 22, 23, 24 mart – Novruz bayramı;

9 may – Faşizm üzərində qələbə günü;

28 may – Respublika günü;

15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

30-31 avqust _ Ramazan bayramı;

6-7 noyabr - Qurban bayramı;

9 noyabr _ Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;

31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”2011-ci ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında” 3 dekabr 2010-cu il tarixli 230 nömrəli qərarına əsasən 2011-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3-4 yanvar, 25 mart, 30 may, 27 iyun və 8 noyabr tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar, 25 mart, 27 iyun və 8 noyabr tarixləri istirahət günləridir.

2011-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2011-ci ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan, 5-i bayramqabağı və 1-i Ümumxalq hüzn günü qabağı günlərdir), iş günü hesab edilməyən 111 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləridir), iş günü hesab edilməyən 18 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır (242+111+18+1-7=365).

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2011-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2011-ci il üçün 40 saatlıq iş həftəsində illik iş vaxtının norması 1930 saat təşkil edir (236 x 8 + 6 x 7 = 1930 saat).

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan müəssisə və təşkilatlarda 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2011-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1930 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyat (uçot) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə müəssisənin kollektiv müqaviləsində nəzərdə tutulmaqla həll olunur.

MK jurnalından: 2012-ci ilin iş norması ilə saytımızdakı materialdan tanış ola bilərsiniz:

 

http://mks.az/index.php?option=com_content&view=article&id=204:2012-ci-ilin-istehsalt-tqvimi-v-i-vaxt-normas-tesdiq-olundu&catid=42:uemumi-iqtisadi-xbrlr&Itemid=108

 

 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər