Maliyyə Nazirliyi əmanəti olmasına baxmayaraq birdəfəlik ödəmə ala bilməyənlər haqqında məlumat verdi
Azərbaycan vətəndaşı olmayan və vətəndaşlıqdan imtina edən şəxslər sovet dövründən qalmış əmanətlərə görə ödəmə ala bilməyəcəklər.Bu barədə Azərbaycan Maliyyə Nazirliyi əmanətlərin qaytarılması prosesi ilə bağlı vətəndaşların suallarına cavab olaraq bildirib. Nazirliyin açıqlamasına görə, ödəmələri yalnız “Azərbaycan vətəndaşlığı haqqında” qanunda göstərilən meyarlara uyğun olan və Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları ala bilərlər. Buna görə onlar Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Eləcə də vaxtilə keçmiş SSRİ məkanının hər hansı bank filialında əmanət saxlayan və hazırda Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə də birdəfəlik ödəmə verilməyəcək. Qeyd edək ki, bu məsələ xüsusilə Ermənistandan qaçqın düşən azərbaycanlılar üçün aktualdır. Nazirlik bildirir ki, «fərmandan da göründüyü kimi, həmin sənəd keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında saxlanılan əmanət qalıqlarına şamil edilir və keçmiş SSRİ-nin digər bank filiallarında əmanət saxlayan Azərbaycan Respublikası vətəndaşları olan şəxslərə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmayıb». Nazirliyin məlumatına görə, sovet dövründən qalma əmanətlərin ilk növbədə əhalinin hansı təbəqəsinə qaytarılması ilə bağlı qayda müəyyən edilməyib: «Əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayının 1-dən başlayır və 2013-cü il 31 dekabr tarixinədək başa çatdırılır. Burada hər hansı kateqoriyanın bu vəsaitləri ilk öncə alması, habelə heç bir mərhələ müəyyən edilməyib. Fərmanın şamil edildiyi bütün şəxslər qeyd olunan müddətdə müraciət edərək ödəmələri ala biləcəklər».
Keçmiş sovet «Əmanətbank»ında bir neçə əmanət kitabçası olan əmanətçilərə ödəmələr həyata keçiriləndə hesablarda olan qalıqlar toplanmaqla hesablanacaq. Əmanətlərin qaytarılması barədə qaydalara əsasən fərdi birdəfəlik ödəmələr əmanətçinin arzusu ilə nağd qaydada ödənilə və ya onun digər bank hesabına köçürülə bilər.
Xatırladaq ki, sovet dövründən qalmış əmanətlərin qaytarılması üçün 1 mlrd. manat tələb olunacaq və bu proses Azərbaycan SSR «Əmanətbank»ında 2 mln. 400 min şəxsi hesabı olan əmanətçiləri əhatə edəcək.
0 Komment
Şərh yazın