Ünvanlı sosial yardımla bağlı daha bir vəzifəli şəxs rüşvət alarkən həbs olundu

Ünvanlı sosial yardımla bağlı daha bir vəzifəli şəxs rüşvət alarkən həbs olundu

Azərbaycanda ünvanlı dövlət sosial yardımı təyin olunması üçün rüşvət tələb edən şəxs cinayət başında yaxalanıb. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.  Məlumatda bildirilir ki, Bakı şəhər sakini Qarifulina Ruhiyə Tofiq qızının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Əsədov Şahin Qiyas oğlunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. 
Müəyyən edilib ki, Şahin Əsədov Ruhiyə Qarifulinanın ünvanlı dövlət sosial yardım ayrılması barədə müraciəti əsasında sonuncunun adına sosial yardımın təyini və ödənilməsi üçün ondan 450 manat pul istəyib. Bundan sonra o, həmin puldan hər dəfə 100 manat olmaqla cəmi 200 manat pulu rüşvət kimi almaqla, cinayət əməlini davam etdirərək 16 mart 2012-ci il tarixdə tələb etdiyi məbləğin verilməmiş qalan 250 manat puldan 200 manatını Qaradağ rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasındakı xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.  Şahin Əsədovun xidməti iş otağına baxış keçirilərkən otaqdan ünvanlı dövlət sosial yardımın alınması üçün nəzərdə tutulan ayrı-ayrı vətəndaşların adlarına olan 100-dən artıq plastik ödəniş kartları, 300-dən artıq plastik ödəniş kartlarına aid məxfi pinkodlar və cinayət təqibi üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.  Törətdiyi cinayət əməlinə görə Şahin Əsədov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Ş.Əsədov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda iş üzrə istintaq davam etdirilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər