Sürücülərə BƏD, Sigorta şirkətləri və Yol polislərinə ŞAD xəbər
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, son zamanlar avtomobillərin nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadan idarə edilməsi halları artıb.
Bölmə rəisinin sözlərinə görə, yanvar və fevral aylarında Bakıda yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan 41 200-dən artıq sürücü barəsində inzibati protokol tərtib edilib. Bu müddətdə 400-dən artıq sürücü nəqliyyat vasitəsini sığorta etdirmədiyi üçün inzibati məsuliyyətə cəlb edilib.
Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının "Yol hərəkəti haqqında" qanunun tələbi olduğunu xatırladan Əsədov nəqliyyat sahiblərinə avtomobillərini sığorta etdirməyi tövsiyə edir.
Onun sözlərinə görə, yol polisi əməkdaşları tərəfindən saxlanılacaq hər bir avtomobilin sürücüsündən digər sənədlərlə bərabər, sığorta şəhadətnaməsi də tələb olunacaq.
Əsədov bildirib ki, İnzibati Xətaar Məcəlləsinin 253-1-ci maddəsinin tələbinə görə, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər on manat miqdarında, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
Qeyd edək ki, yeni xidmət növü 1 yanvar 2012-ci ildən etibarən "İcbari sığortalar haqqında" qanunun qüvvəyə minməsi ilə bağlıdır. Bu qanun, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daha əhatəli və effektiv sistemi nəzərdə tutur.
Avtomobilin icbari sığortası, yol nəqliyyatı hadisəsinin baş verdiyi təqdirdə, üçüncü tərəflərin sığortalanmasını nəzərdə tutur, yəni avtomobil sahibləri üçüncü tərəflərin sağlamlığına, həyatına və ya əmlakına zərər vurduğu hallarda, avtomobil sahiblərinin mülkiyyət maraqlarının qorunmasını təmin edir.
Mühərrikin həcmindən asılı olaraq, avtomobilin sığorta məbləği fiziki şəxslər üçün 50-250 manat, hüquqi şəxslər üçün isə 60-300 manat civarında dəyişir. Qanuna əsasən, hər bir sığorta hadisəsinə görə maksimal kompensasiya məbləği 50 000 manat təşkil edir.
Azərbaycanda avtomobillərin icbari sığortası Paşa Sığorta, Atəşgah Sığorta, Ata Sığorta, AXA MBASK, Xalq Sığorta, Standard Insurance, AzSığorta və Alfa Sığorta şirkətləri tərəfindən aparılır.
0 Komment
Şərh yazın