Vergilər Nazirliyindən vergi ödəyiciləri üçün mobil telefonla bağlı möhtəşəm kampaniyalar
Vergilər Nazirliyi informasiya texnologiyaları şöbəsinin rəisi Eyyub İbrahimov bildirib ki, Azərbaycanda 3G texnologiyasının tətbiqi yeni vergi xidmətlərinin göstərilməsinə şərait yaradıb: «Yəni, vergi ödəyiciləri vergi orqanlarının əməkdaşları, habelə Nazirliyin idarə rəisləri ilə canlı bağlantı yaradıb danışa biləcəklər». Beləliklə, əvvəla 3G-nin tətbiqi vasitəsilə 195 xidmətinə adi zənglə yanaşı, video-zəng də etmək və lazım olan məlumatı video-bağlantı formasında da almaq mümkün olacaq. Bu xidmətin daha maraqlı forması vergi xidmətinin nümayəndələri ilə «video-qəbul» adlanan video-bağlantının yaradılması olacaq. Qeyd edək ki, hazırda bu xidmətdən ölkənin regionlarında yaradılmış Vergi ödəyicilərinə Xidmət Mərkəzləri və Ərazi Vergi İdarələrində istifadə etmək olar: «İndi isə biz bunu genişləndiririk və vergi ödəyicilərinin harada olmasından – Bakıda, bölgələrdə, hətta xaricdə olmasından asılı olmayaraq, nazirlik əməkdaşları ilə videotelefon əlaqəsi yaratmaq mümkündür».
Şöbə rəisinin sözlərinə görə, videoqəbula yazılmaq istəyən şəxslər əvvəlcə 195 Telefon Xidmətinə zəng edib, bunun üçün əvvəlcə video qəbul barədə müraciət etməli olacaqlar və onlara bunun nə vaxt mümkün olması barədə SMS vasitəsilə məlumat gələcək. Həmin vaxt vergi ödəyicisi göstərilən nömrəyə zəng vuraraq vergi əməkdaşı ilə video-zənglə danışa biləcək. Bu xidmətlərin ilin sonuna tətbiq olunacağı gözlənilir. Vergilər Nazirliyinin bəzi xidmətləri isə daha tez tətbiq olunacaq. Belə ki, bu yaxınlarda istifadəyə təqdim ediləcək yeni layihəyə əsasən, mobil telefon abunəçiləri SMS xidmətinə abunə ola biləcəklər. Şöbə rəisinin sözlərinə görə, ölkədəki istənilən mobil operatorun istifadəçisi olan vergi ödəyicisi vergi orqanı tərəfindən verilmiş «istifadəçi kodu və şifrəni» Flaş SMS vasitəsilə yığmaqla avtomatik olaraq SMS xidməti üçün qeydiyyatdan keçərək abunə ola biləcək. SMS xidmətinə abunə olan vergi ödəyiciləri vergi öhdəlikləri və əməliyyatları, yəni, vergi ödəyicisi büdcəyə ödəniş etdikdə, yeni borcu yarandıqda, təqdim etdiyi bəyannamə üzrə vergi hesablandıqda, bəyannamə üzrə uyğunsuzluq yarandıqda, təqdim edilməli bəyannamələri olduqda, fəaliyyətini dayandırdıqda, fəaliyyəti aktivləşdikdə, cari vergi ödəmələri barədə arayış təqdim etdikdə, vergi orqanı tərəfindən cari vergi ödəmələri hesablandıqda mütəmadi olaraq SMS vasitəsilə məlumat alacaqlar. Bu xidmətin yaxın 1 ay ərzində tətbiqi gözlənilir. Bu xidmət üçün mobil operator abunə haqqı tutacaq - aylıq abunə haqqı 1,18 manat. Növbəti addım mobil telefon vasitəsilə vergilərin ödənilməsi imkanının yaradılması olacaq ki, E.İbrahimov hazırda bununla bağlı bütün telefon modelləri üçün müvafiq proqramların yazıldığını bildirib. "APA"
0 Komment
Şərh yazın