Rus vergi ödəyicisi haqsız ola-ola Appelsiya Şurasında vergi borcunu necə sildirdi
Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasının 07.04.2011-ci il tarixdə keçirilmiş növbəti iclasında fiziki şəxs Ustinov Aleksandr Valentinoviçin Vergi Auditi Departamenti tərəfindən bu vergi ödəyicisində aparılmış səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib olunmuş akt əsasında Departament tərəfindən qəbul edilən "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi ilə bağlı şikayətinə baxılıb.
Apellyasiya Şurası tərəfindən müəyyən edilib ki, fiziki şəxs A.V.Ustinovda 01.11.2006 - 01.08.2009-cu illəri əhatə edən növbəti səyyar vergi yoxlaması aparılarkən sahibkar tərəfindən 2008-ci ilin III rübündə 805,0 manat həcmində ödəmə mənbəyində vergi tutulmayıb. Vergi ödəyicisinə qanunvericiliyə müvafiq qaydada ödəmə mənbəyində əlavə vergi hesablanıb və bununla əlaqədar 442,5 manat, həmçinin vergi hesabatının və arayışının vaxtında təqdim edilmədiyinə görə 40,0 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi təklif olunub. Vergi ödəyicisi heç bir səbəb göstərmədən yoxlama aktını imzalamaqdan imtina edib və akt 03.02.2010-cu il tarixdə onun hüquqi ünvanına göndərilib.
Müraciət araşdırılarkən müəyyən olunub ki, fiziki şəxs A.V.Ustinov Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin tələblərini pozaraq ödəmə mənbəyində tutulmalı vergini 805,0 manat azaldıb. Lakin səyyar vergi yoxlaması aktı tərtib edilərkən əlavə hesablamanın hansı xidmətə görə, hansı təsdiqedici sənəd əsasında aparıldığı qeyd edilməyib, yoxlama zamanı vergi orqanının müvafiq vəzifəli şəxsi öz vəzifə borcunu keyfiyyətlə yerinə yetirməyib.
Qeyd olunanları nəzərə alaraq, Vergi Apellyasiya Şurası A.V.Ustinovun şikayət ərizəsinin təmin edilməsi və Vergi Auditi Departamentinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 15.03.2010-cu il tarixli qərarının ləğv edilməsi haqqında qərar çıxarıb.
0 Komment
Şərh yazın