Azərbaycan Dövlət İqtisad Universitetinin rektorundan MARAQLI İDEYA

Azərbaycan Dövlət İqtisad Universitetinin rektorundan MARAQLI İDEYA

Ədalət Muradov: "2 ixtisasın kəsişməsində formalaşan yeni bir ixtisasa ehtiyac var"
 
«Vergilər. Şəffaflıq. İnkişaf» mövzusunda Konfransda  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov çıxışında insan kapitalının formalaşmasında tədris müəssisələrinin rolundan danışıb. Bildirib ki, zəngin bazar təcrübəsi olmayan ölkələrdə iş yerində təcrübə toplamaqla insan kapitalının formalaşdırılması əksər hallarda gözlənilən nəticəni vermir: «Belə olan halda ali təhsil müəssisələrinin fəaliyyətinin vacibliyi ön plana çıxır və UNEC bu missiyanı yerinə yetirməyə hazırdır. Azərbaycanda əvvəllər həyata keçirilməyən, ancaq bu gün böyük bir zərurətə çevrilən yeni ixtisaslar üzrə kadr hazırlığının aparılması müasir dövrün tələbidir. Məsələn, vergi sahəsində mütəxəssis hazırlığı ya iqtisadiyyat, ya da hüquq üzrə formalaşdırılır. Həmin kadrlar qanunvericiliyin icrasına nəzarət mexanizmini iqtisadçı və hüquqşünas kimi görürlər. Azərbaycanda iqtisadçı və hüquqşünas ixtisaslarının kəsişməsində formalaşan yeni bir ixtisasa ehtiyac var. Bu, vergi menecmenti ixtisasıdır. Bu ixtisas iqtisadçıların, hüquqşünasların fəaliyyətini koordinasiya etməklə həm də vergi məsləhətçilərinin və mühasiblərin işini həyata keçirə bilər. Bu, planlaşdırma baxımından da çox önəmlidir. Özəl şirkətlərdə vergi planlaşdırılmasının həyata keçirilməsi baxımından da belə kadrlara böyük ehtiyac var. Azərbaycan Dövlət İqtisad Universiteti həmin ixtisas üzrə kadr hazırlığının sertifikat proqramı çərçivəsində həyata keçirməyə hazırdır».
Bildirilib ki, 2018-ci ilin fevral ayınının 26-dan UNEC-in təşəbbüsü ilə buraxılış kurslarının 100 tələbəsi üçün üç istiqamətli vergi ixtisasları üzrə bir aylıq təlim kursları təşkil olunacaq: «Bu kursları UNEC ekspertləri ilə yanaşı, Vergilər Nazirliyi və digər qurumlardan dəvət olunmuş mütəxəssislər həyata keçirəcəklər. Məqsədimiz təlim iştirakçılarının diqqətinə vergi inzibatçılığının inkişaf istiqamətlərini, müasir təhlil texnologiyalarını çatdırmaq, onları məlumatlandırmaqdır».
UNEC rektorunun sözlərinə görə, mövcud vergi bazasının müəyyən edilməsi və bunun əsasında vergi proqnozlaşdırılmasının həyata keçirilməsi vacibdir: «Bu işin həyata keçirilməsi üçün obyektiv və real məlumat bazasının formalaşdırılması istiqamətində Vergilər Nazirliyi ilə universitetimiz arasında əməkdaşlığı faydalı hesab edirəm».
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər